ABŞ administrasiyası İsrail və onun şirkətlərinə qarşı boykot tətbiq edən ştatlara 1,9 milyard dollar dəyərindəki yardım vəsaitini dayandıran qərarı ləğv edib.
Mübahisəli qərar bu ilin aprel ayında ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) təqdim etdiyi sənədlərə əlavə edilmişdi. Həmin qərara əsasən, yardım almaq istəyən qurumlar İsraili və ya İsraillə əməkdaşlıq edən şirkətləri boykot etmək təşəbbüslərini dəstəkləməməli idi.
Lakin avqustun 1-də elan olunan 11 yeni federal qrantda sözügedən maddə səssiz şəkildə sənədlərdən çıxarılıb.
ABŞ Daxili Təhlükəsizlik Departamenti məsələ ilə bağlı “X” platformasında yayımladığı açıqlamada bildirib ki, hazırda qüvvədə olan heç bir qrant proqramında İsraillə bağlı məhdudlaşdırıcı şərt yoxdur. Ancaq bununla yanaşı, boykot və sanksiya kampaniyaları ilə bağlı mövcud ayrı-seçkilik əleyhinə qanunlar, o cümlədən antisemitizmə qarşı tədbirlər qüvvədə qalacaq.
“Heç bir ştat maliyyə itkisinə məruz qalmayıb və yeni hər hansı bir məhdudiyyət tətbiq edilməyib. Lakin irqçi ayrı-seçkiliklə məşğul olan heç bir qurum federal büdcədən vəsait almamalıdır”, - departamentin açıqlamasında deyilir.
Açıqlamada həmçinin vurğulanıb ki, Federal Fövqəladə Hallar Agentliyi (FEMA) tərəfindən verilən yardımlar siyasi mövqelərlə deyil, yalnız qüvvədə olan qanunlarla tənzimlənir.
Qeyd edək ki, agentlik tərəfindən verilən yardımlar ərzaq və sığınacaq dəstəyi, liman təhlükəsizliyi və axtarış-xilasetmə əməliyyatları kimi bir çox həyati məsələlərə təsir göstərirdi.
Bu yardımların verilməsinə məhdudiyyət yaradan qərar D.Trampın öz tərəfdarları arasında da ciddi narazılıq doğurmuşdu.