SİYASƏT
1 dəqiqə oxuma
ABŞ-da tarixi Çin əlyazmaları oğurlanıb
Kaliforniyada oğurluqla ittiham olunan şəxs əsərləri saxtaları ilə əvəzlədikdən sonra Çinə yollanacaqmış
ABŞ-da tarixi Çin əlyazmaları oğurlanıb
ABŞ / Reuters
15 saat əvvəl

ABŞ-ın Kaliforniya ştatında bir kitabxana istifadəçisinin nadir Çin əlyazmalarını oğurlayaraq yerinə saxta nüsxələr qoyduğu iddia edilir. Hadisə ilə bağlı 216 min ABŞ dolları dəyərində oğurluq ittihamı irəli sürülüb.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 38 yaşlı Cefferi Yin Kaliforniya Universitetinin Los-Anceles (UCLA) kitabxanasında 600 ildən qədim klassik əsərlərə çıxış əldə etmək üçün bir neçə saxta ad istifadə edib. O, kitabları götürüb bir neçə gün sonra saxta əlyazmaları ilə geri qaytarıb.

İttihamnamədə bildirilir ki, yoxlamalar zamanı əsərlərin yoxa çıxdığı və onların sonuncu dəfə özünü “Alan Fujimori” kimi təqdim edən şəxs tərəfindən incələndiyi məlum olub. Los-Ancelesdəki bir otel otağında edilən axtarışda əsərlərin üslubunda hazırlanmış boş əlyazmaları, eləcə də saxta kitablar düzəltmək üçün istifadə oluna biləcək əvvəlcədən hazırlanmış etiketlər tapılıb.

Araşdırmalar göstərib ki, San-Fransisko Körfəz Bölgəsinin Fremont şəhərində yaşayan C.Yin müxtəlif adlar altında bir neçə kitabxana kartına sahib olub.

Hazırda polis nəzarətində saxlanılan C.Yin əgər böyük sənət əsərinin oğurluğu ittihamı ilə təqsirli bilinsə, federal həbsxanada 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Mütəxəssislərin fikrincə, Çində dövlət dəstəkli muzeylərin artması, həmçinin varlanan və milli mədəni irsi qorumağa meyilli orta təbəqənin fəallığı səbəbindən, ölkənin özəl incəsənət bazarı son illərdə sürətlə genişlənib.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us