SİYASƏT
2 dəqiqə oxuma
Britaniya “Apple” istifadəçi məlumatlarına məcburi çıxış tələbindən geri addım atdı
Mütəxəssislər xəbərdarlıq edir ki, belə bir funksiya yaradılsaydı, gec-tez hakerlər tərəfindən istismar olunacaqdı
Britaniya “Apple” istifadəçi məlumatlarına məcburi çıxış tələbindən geri addım atdı
Apple / Reuters
19 avqust 2025 г.

Londonda hökumət ABŞ rəsmiləri ilə aylarla davam edən danışıqların ardından “Apple” şirkətinin şifrələnmiş istifadəçi məlumatlarına məcburi şəkildə çıxış təmin etməsi tələbindən imtina edib.

ABŞ-ın Milli Kəşfiyyat direktoru Tulsi Qabbard avqustun 18-də bildirib ki, Britaniya “iPhone” istehsalçısı “Apple”ın Amerika vətəndaşlarının şifrələnmiş məlumatlarına hökumət tərəfindən çıxışı mümkün edəcək bir “qapı” yaratmaq öhdəliyindən imtina edib.

T.Qabbard sosial media platforması “X” üzərindən paylaşımında, bu razılaşma üçün aylarla ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens ilə birlikdə işlədiyini vurğulayıb.

Britaniyanın baş naziri Kir Starmer avqustun 18-də Vaşinqtonda digər Avropa liderləri ilə birgə ABŞ prezidenti Donald Trampla görüşərək Rusiyanın Ukraynada apardığı müharibəni müzakirə edib.

Britaniya hökuməti və “Apple” T.Qabbardın açıqlamaları ilə bağlı mətbuat sorğularına hələlik cavab verməyib.

ABŞ-ın konqres üzvləri may ayında xəbərdarlıq etmişdilər ki, Britaniyanın “Apple”a şifrələnmiş istifadəçi məlumatlarına çıxış üçün “qapı” yaratmaq əmri, həm kiber cinayətkarlar, həm də avtoritar hökumətlər tərəfindən sui-istifadə edilə bilər.

“Apple” isə öz növbəsində belə bir imkana icazə verməyəcəyini açıqlamış və məsələ ilə bağlı Britaniyanın İstintaq Səlahiyyətləri Məhkəməsinə (IPT) müraciət etmişdi.

 

Bulud məlumatlarına çıxış məsələsi

“iPhone” istehsalçısı bu ilin fevralında Britaniyanın tələbi ilə ölkə daxilindəki istifadəçilər üçün “Genişləndirilmiş Məlumat Qorunması” funksiyasını geri çəkib.

Xatırladaq ki, “Apple”ın “iPhone”, “Mac” və digər cihaz istifadəçiləri bu funksiyanı aktivləşdirərək buludda saxlanılan məlumatları təkcə özlərinin aça bilməsini təmin edə bilirdilər.

ABŞ rəsmiləri ilin əvvəlində açıqlamışdılar ki, Britaniyanın “Apple”dan şifrələnmiş bulud saxlama sistemindəki məlumatların ehtiyat nüsxələrinə çıxış təmin edəcək bir “qapı” yaratmasını tələb etməsi, ikitərəfli müqaviləni pozub-pozmadığını araşdırırlar.

Bundan əlavə, T.Qabbard 25 fevral tarixli məktubunda qeyd etmişdi ki, ABŞ Britaniya hökumətinin belə bir addımının, ABŞ vətəndaşlarının məlumatları üçün müraciət edilməsini qadağan edən “CLOUD” qanununu pozub-pozmadığını nəzərdən keçirir.

Məsələ ilə bağlı kibertəhlükəsizlik üzrə mütəxəssislər “Reuters” agentliyinə bildiriblər ki, “Apple” hər hansı hökumət üçün belə bir “qapı” yaratsa, bu imkan gec-tez hakerlər tərəfindən aşkarlanaraq istismar olunacaq.

Qeyd edək ki, “Apple” ilə ABŞ hökuməti arasında şifrələmə mövzusunda gərginlik yeni deyil. 2016-cı ildə ABŞ hakimiyyəti şirkəti, şübhəli bir radikalın “iPhone” cihazının açarını açacaq vasitə yaratmağa məcbur etməyə çalışmışdı.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us