Türkiyə Super Liqasının çempionu “Qalatasaray” “Bayern Münhen”in cinah oyunçusu Leroy Saneni sərbəst transferlə heyətinə qatıb.
29 yaşlı almaniyalı futbolçu iyunun 12-də İstanbula gəlib və böyük izdihamla qarşılanıb. “Qalatasaray”ın “YouTube” kanalında onun təyyarəsinin gəlişi canlı yayımlanıb və 1 milyondan çox azarkeş tərəfindən izlənilib. Klub Sanenin İstanbul Hava Limanında komandanın şərfini taxdığı şəkilləri paylaşaraq rəsmi danışıqlara başlandığını elan edib.
Türkiyə mediasının məlumatına görə, Leroy Sane üçillik müqavilə imzalayıb və illik təxminən 10 milyon avro (11,5 milyon dollar) maaş alacaq. Onun “Bayern Münhen” ilə müqaviləsi iyunun sonunda bitdikdən sonra Türkiyə komandasına qoşulacaq.
1905-ci ildə İstanbulun prestijli “Qalatasaray” liseyi tələbələri tərəfindən təsis edilən “Galatasaray” Türkiyənin ən köklü futbol klublarından biridir. O, 23 dəfə Türkiyə Super Liqasının çempionu olaraq ölkənin ən uğurlu komandası olub. Avropa meydanında isə ən böyük uğurunu 2000-ci ildə UEFA Kuboku və UEFA Super Kubokunu qazanaraq əldə edib.
“Qalatasaray”da Qeorqe Haci (Gheorghe Hagi), Didye Droqba (Didier Drogba), Uesli Sneyder (Wesley Sneijder), Kladio Taffarel (Claudio Taffarel) və Fernando Muslera kimi dünya futbol ulduzları oynayıblar.
Almaniya millisinin üzvü Leroy Sanenin Qalatasaraya transferi, Türkiyə futbolu üçün əlamətdar bir an ola bilər. İdman şərhçisi Nədim Yiğit, bu transferin Super Liqa nəhəngləri üçün həm keyfiyyət, həm də iddialar baxımından böyük bir sıçrayış olduğunu düşünür.