Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh sazişinin mətni paraflanıb.
ABŞ Prezidenti Donald Tramp Azerbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edib. Donald Tramp hər iki ölkənin davamlı sülhə sadiq olduqlarını bəyan edib.
Donald Tramp avqustun 8-də verdiyi açıqlamada bu ifadələrə yer verib:
“Azərbaycan və Ermənistan bütün münaqişələri əbədi olaraq sona çatdırmağa, ticarət, səyahət və diplomatik əlaqələri bərpa etməyə, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə sadiqdirlər.”
ABŞ Prezidenti həmçinin Azərbaycanla hərbi əməkdaşlığa qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını da açıqlayıb.