Misir və Sudan Efiopiyanın Nil çayı üzərində inşa etdiyi bəndi "təhdid" kimi qiymətləndirib.
Bu mövqe Misirin xarici işlər naziri Bədr Əbdüləti, suvarma naziri Hani Süveylam və Sudan xarici işlər nazirinin müavini Ömər Sədiqin rəhbərlik etdiyi Sudan nümayəndə heyəti arasında Qahirədə keçirilən danışıqların yekununa dair yayılan birgə bəyanatda vurğulanıb.
Sudan mətbuatının yaydığı məlumata görə, hər iki ölkə Efiopiyanı siyasətini dəyişməyə və regional əməkdaşlığı bərpa etməyə çağırıb.
Bu bəyanat Efiopiyanın Baş naziri Abiy Əhmədin bir gün əvvəl verdiyi açıqlamaya cavab olaraq yayımlanıb. Abiy Əhməd qeyd edib ki, ölkəsi Misir və Sudanla əməkdaşlığa hazırdır və bəndin tamamlanması ilboyu aşağı axın ölkələrinə sabit su axını təmin edib, daşqınların qarşısını alıb və heç bir ziyan vurmayıb.
Bəyanat bəndin doldurulması və istismarı ilə bağlı Misir, Sudan və Efiopiya arasında illərdir davam edən mübahisələrin fonunda verilib. Tikinti işləri 2011-ci ildə başlanıb. Rəsmi Qahirə və Xartum bu məsələ ilə bağlı məcburi hüquqi üçtərəfli razılaşmanın əldə olunmasını tələb edir.
Efiopiya isə belə bir razılaşmanın zəruri olmadığını bildirir və layihənin heç bir ölkənin maraqlarına zidd olmadığını vurğulayır. Məhz bu mübahisə danışıqların üç il müddətinə dayandırılmasına səbəb olub. Danışıqlar 2023-cü ildə bərpa edilsə də, 2024-cü ildə yenidən dayanıb.
İqlim böhranı və siyasi qeyri-sabitlik
6650 kilometr uzunluğundakı Nil çayı 11 ölkə tərəfindən paylaşılır: Burundi, Ruanda, Konqo Demokratik Respublikası, Keniya, Uqanda, Tanzaniya, Efiopiya, Eritreya, Cənubi Sudan, Sudan və Misir.
Misir iqlim böhranı səbəbilə ciddi su çatışmazlığı ilə üzləşib və suya olan tələbatının təxminən 90 faizini məhz Nil çayından qarşılayır.
Sudan isə davam edən siyasi qeyri-sabitlik səbəbindən su resurslarının idarə olunmasında çətinliklər yaşayır.
Efiopiya isə inşa etdiyi bəndin ölkənin enerji müstəqilliyini təmin etmək və iqtisadi inkişafı sürətləndirmək baxımından zəruri olduğunu müdafiə edir.