Nigeriyanın şimal-qərbində bir məscidə silahlı hücum edilib. Hadisə yerli sakinlər və dövlət rəsmilərinin açıqlamalarına görə, avqustun 18-də Katsina ştatının Unquvar Mantau qəsəbəsində baş verib. Əldə olunan məlumata əsasən, əvvəlcə hadisədə 13 nəfərin öldüyü bildirilmişdi, lakin sonradan bu rəqəm 30-a yüksəlib.
Yerli sakinlərin mətbuata verdiyi açıqlamaya görə, doqquz nəfər hadisə yerində həlak olub, daha sonra isə gün ərzində daha çox adam həyatını itirib. Hökumət rəsmilərinin də təsdiqlədiyi son rəqəmlərə əsasən hadisədə həlak olanların sayı 32-yə çatıb.
Bildirilir ki, hadisədən iki gün əvvəl yerli sakinlər eyni silahlı dəstəyə qarşı uğurla müqavimət göstərərək bir çoxunu zərərsizləşdiriblər.
Hökumət bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini, asayişin bərpa olunması üçün tədbirlərin davam etdirildiyini açıqlayıb.
Qeyd edək ki, Nigeriyanın şimal-qərb və şimal-mərkəz bölgələrində “quldur” adlandırılan silahlı dəstələrin hücumları ciddi təhlükə olaraq qalmaqdadır. Bu dəstələr kəndlərə hücum etmələri, fidyə məqsədilə adam oğurlamaları və qarətləri ilə tanınır.
Məsələ ilə bağlı açıqlama verən Nigeriya prezidenti Bola Tinubu quldurlara və terrorçulara qarşı qətiyyətli mövqe sərgiləyəcəyini bildirib.