Suriyanın şimalında dağıdılmış bir evin qalıqları təmizlənərkən torpağı qazmaqla məşğul olan bir podratçı gözlənilməz kəşf edib: Bizans dövrünə aid olduğu təxmin edilən və 1500 ildən çox yaşı olan bir yeraltı məzar kompleksi ilə qarşılaşdı. Məzarlıq may ayında İdlib vilayətinin Maarat Numan şəhərində, Hələb və Dəməşq şəhərləri arasındakı strateji marşrut üzərindəki bir yerdə ortaya çıxıb. Bu ərazi keçmiş prezident Bəşər Əsədin 2020-ci ildə müxalifətin nəzarətindən geri aldığı və vətəndaş müharibəsinin getdiyi 14 il boyu qarşıdurma nöqtəsiydi. Evlər talan edilib, dağıdılıb, bəziləri isə qalır, lakin damları uçub.
Artqı sakinlər geri qayıdaraq yenidənqurma işlərinə başlayıblar. Qrşılarına bu qədim məkan çıxınca Qədim Əsərlər İdarəsinə məlumat veriblər. İdarə xüsusi qrup göndərərək ərazini yoxlayıb, təhlükəsizliyini təmin edib.
Məzarlığın yerüstü hissəsində müharibədə zərərə uğramış bir çox kərpic evlərin olduğu yaşayış məhəlləsi yerləşir. Bu binalardan birinin yanındakı çuxur iki dəfn otağına aparır ki, hər birində altı daş məzar var. Bir daş sütunun üstündə xaç işarəsi həkk olunub.
“Xaç işarəsi, tapılan keramika və şüşə parçalarının ilkin tədqiqatına əsasən, bu məzarlıq Bizans dövrünə aiddir”, - deyə İdlibin Qədim Əsərlər İdarəsinin direktoru Həsən İsmail bildirib. O qeyd edib ki, bu kəşf artıq ərazinin zəngin arxeoloji yerlərinə əlavə olunub.
Suriyanın arxeoloji yerləri
İdlib Suriyanın abidələrinin üçdə birinə sahibdir. Burada antik şəhər və 800 arxeoloji məkan var.
Roma imperiyasından sonra eramızın IV əsrindən coğrafiyada Bizans imperiyası hökm sürüb. Paytaxtı bugünkü İstanbul (Konstantinopol), dini xristianlıq idi.
Bizans dövrünə aid tərk edilmiş yaşayış məntəqələri, ölü şəhərlər Suriyanın şimal-qərbindəki qayalı təpələr və düzənliklər boyu uzanır. Bu yerlərdə daş evlər, bazilikalar, məzarlar və sütunlu küçələrin qalıqları var.
“Bu gün arxeoloji qalıqların tapıldığı yerlərin sahibləri mülklərinin müsadirə olunacağından qorxaraq bu qalıqları gizlədiblər”, - deyə Maarat Numan sakini, məzar kompleksinin aşkarlandığı anın şahidi Qiyas Şeyx Diab bildirib. O, ümid edir ki, yeni hökumət belə hallarda mülk sahiblərinə ədalətli kompensasiya ödəyəcək və evləri dağıdılmış əraziyə qayıdan məcburi köçkünlərə yardım göstərəcək.
Müharibə illəri Suriyanın arxeoloji yerlərinə böyük zərər vurub, təkcə bombardmanlar deyil, həm də talan və icazəsiz qazıntılarla.
Digər yerli sakin Abed Cəfər deyib: “Oğlumla birlikdə yeni aşkar edilmiş antik məzarlara baxmağa və şəkillər çəkməyə gəldik. Əvvəllər xarici turistlər sadəcə qalıqları görmək üçün Maarata gəlirdilər. Biz qədim əsərlərə diqqət yetirməli, onları bərpa etməli və əvvəlki vəziyyətinə qaytarmalıyıq ki, ölkəmiz Suriya üçün turizmin və iqtisadiyyatın bərpasına töhfə olsun”.