Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Suriyanın Süveyda bölgəsində baş verən son toqquşmalarda İsrailin rolunu tənqid edərək, rəsmi Ankaranın Suriya daxili işlərinə xarici müdaxilələrdən narahat olduğunu bildirib.
XİN rəhbəri H.Fidan avqustun 13-də (bu gün) Ankarada Suriya xarici işlər naziri Həsən Şeybani ilə birgə keçirdiyi mətbuat konfransında deyib: “Süveydadakı hadisələrdə qaranlıq mənzərənin ən böyük iştirakçılarından biri İsrail olmuşdur. Yeni Suriya bütün xalqların, inancların, mədəniyyətlərin qorunduğu, birlikdə yaşaya bildiyi, bütövlüyünü saxlayan bir ölkə olmalıdır. Türkiyə olaraq bu istiqamətdə tövsiyələrimizi veririk.”
Nazir H.Fidan PKK/YPG terror təşkilatının Suriyanı tərk etmədiyini də söyləyərək “Bunu görmədiyimizi zənn etməsinlər” xəbərdarlığını edib və YPG-yə bölgəyə yönəlik təhdidlərinə dərhal son verməyi, təşkilat üzvləri ilə xarici muzdluların vaxt itirmədən Suriya torpaqlarını tərk etməsini tələb edib.
Suriya xarici işlər naziri H.Şeybani ölkədə davam edən xarici müdaxilələrə diqqət çəkərək Suriya dövlətini zəiflətmək və parçalamaq hədəfinin güdüldüyünü deyib. Dəməşq rəhbərliyinin druz icmasını heç bir halda sıxışdırmaq niyyətinin olmadığını qeyd edən nazir, Süveyda hadisələrinin İsrail tərəfindən bölgədə məzhəb qarşıdurması yaratmaq məqsədilə təhrik edildiyini vurğulayıb.
Nazir H.Şeybani Türkiyə ilə bir çox ortaq maraqların və ortaq təhdidlərin olduğunu bildirərək xarici qüvvələrə Suriyada xaosu dəstəkləməkdən çəkinmək barədə xəbərdarlıq edib. O, Suriyanın şimal-şərqində keçirilən “Həsəkə Konfransı”nı da YPG terror təşkilatı ilə 10 martda imzalanmış razılaşmanın pozulması kimi qiymətləndirib.
Qeyd edək ki, Suriya Admistrasiyası 10 martda Suriya Demokratik Qüvvələrinin (SDQ) dövlət qurumlarına inteqrasiyası üçün saziş imzalandığını, ölkənin ərazi bütövlüyünün bir daha təsdiqləndiyini və istənilən parçalanma cəhdinin qəbul edilməz olduğunu açıqlamışdı.