Böyük Britaniyanın aparıcı səyahət jurnalı "Wanderlust" Türkiyəni ekoloji cəhətdən ən yaxşı istiqamətlər siyahısına daxil edib.
"Wanderlust" jurnalı həm səyahət həvəskarları, həm də qlobal turizm peşəkarları tərəfindən yaxından izlənir. Avropa, Amerika, Okeaniya və Asiyada geniş oxucu kütləsinə sahib olan jurnal, Türkiyənin yaşıl turizm yanaşmasının qlobal miqyasda necə diqqət cəlb etdiyini nümayiş etdirir.
Jurnal Türkiyə ilə bağlı məqaləsində ölkənin davamlı turizmdəki liderliyini vurğulayaraq, xüsusilə YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan Nemrut Dağını diqqətəlayiq bir məkan kimi təqdim edib.
Məqalədə qeyd edilir ki, Nemrut Dağı monumental heykəlləri ilə yalnız mədəni əhəmiyyət kəsb edən bir yer deyil, həm də Türkiyənin ətraf mühitə həssas idarəetmə yanaşmasının heyrətamiz vizual simvoludur.
Məqalədə həmçinin Türkiyənin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən 21 məkanının qorunması üçün göstərdiyi səylər yüksək qiymətləndirilib.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Türkiyə qətiyyətli səyləri və qlobal təşəbbüsləri ilə davamlı turizm sahəsində beynəlxalq liderliyini bir daha təsdiqləyib.
Səyahət sənayesinin ən nüfuzlu nəşrlərindən biri olan "Wanderlust", Travel Green List vasitəsilə hər il milyonlarla səyahətçinin seçimlərini formalaşdırmağa kömək edir.