ABŞ prezidenti Donald Tramp paytaxt Vaşinqtonda cinayət törədən şəxslərə qarşı edam cəzası tələb ediləcəyini bildirib.
Ölkə başçısı bu açıqlamanı Vaşinqtonda “fövqəladə cinayət vəziyyəti” elan etməsindən sonra, avqustun 26-da verib. O, şəhərin polis qüvvələrinə nəzarəti ələ alıb, federal agentlər və əsgərləri küçələrə yerləşdirib.
Ağ Evdə keçirilən nazirlər kabineti iclasında jurnalistlərə müsahibə verən D.Tramp deyib: “Əgər paytaxtda kimsə adam öldürərsə, edam cəzası tələb edəcəyik. Bu çox güclü bir çəkindiricidir və düşünürəm ki, bu fikirlə hər kəs razılaşar. Ölkə buna hazırdırmı bilmirəm, amma biz bunu etməliyik”.
Qeyd edək ki, Vaşinqtonda 1972-ci ildə Ali Məhkəmənin qərarı ilə edam cəzası ləğv edilib. Ölüm Cəzası Məlumat Mərkəzinin açıqlamasına görə, 1992-ci ildə keçirilən referendumda iştirak edənlərin üçdə ikisi edamın bərpasına qarşı çıxıb. Halbuki həmin səsvermə şəhərdə cinayətlərin ən yüksək həddə çatdığı dövrdə baş tutmuşdu.
Rəsmi statistikalara əsasən, son illərdə Vaşinqtonda cinayət göstəriciləri kəskin şəkildə azalıb. 2025-ci ildə indiyədək 102 qətl hadisəsi qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalma deməkdir. 2023-cü ildə isə 274 qətl baş vermişdi və bu, son 20 ilin ən yüksək göstəricisi idi.
Buna baxmayaraq, D.Tramp administrasiyası Vaşinqton və Baltimor da daxil olmaqla bir sıra ABŞ şəhərlərində cinayət statistikasına şübhə ilə yanaşır və rəqəmlərin qəsdən gizlədildiyini iddia edir. Prezident D.Tramp paytaxtda 13 gün ardıcıl qətlsiz dövrün yaşandığını vurğulasa da, rəsmi qeydlər bu müddətin fevral-mart aylarında 16 gün olduğunu göstərir.
Prezidentin Vaşinqtonda edam cəzasını yenidən gündəmə gətirməsi uzun illərdir bu cəzaya qarşı çıxan yerli hakimiyyətin həm hüquqi, həm də siyasi müqaviməti ilə üzləşəcəyi təxmin edilir.