Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev bildirib ki, Moskvanın yaxın və orta mənzilli nüvə raketlərinə qoyulan moratoriumdan çıxması NATO ölkələrinin siyasətinin nəticəsidir.
Rəsmi ''X'' internet səhifəsində paylaşım edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitiri Medvedev deyib:
“Rusiya Xarici İşlər Nazirliyinin yaxın və orta mənzilli raketlərin yerləşdirilməsinə qoyulan moratoriumdan çıxması NATO ölkələrinin anti-Rusiya siyasətinin nəticəsidir. Bu bütün düşmənlərimizin anlamalı olduğu yeni reallıqdır. Gələcək addımları izləyin.”
Medvedev bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin Orta Mənzilli Nüvə Qüvvələri (INF) Müqaviləsi üzrə əvvəlki məhdudiyyətləri artıq tətbiq etməyəcəyini açıqlamasından sonra verib.
1987-ci ildə imzalanan müqavilə ABŞ və Sovet İttifaqını 500 ilə 5500 kilometr mənzilli bütün nüvə və adi yerüstü ballistik və qanadlı raketləri ləğv etməyə və bu tip silahları həmişəlik qadağan etməyə məcbur edirdi.
ABŞ isə 2019-cu ildə Rusiyanın müqaviləni pozduğunu iddia edərək INF-dən çıxmışdı. Rusiya isə bu iddiaları təkzib edir.
Medvedevin bu açıqlaması Donald Trampın son həftələrdə iki Amerika nüvə sualtı qayığını Rusiyaya yaxın ərazilərdə yerləşdirmə əmri verməsindən sonra səsləndirilib. Bu addım Medvedevin ABŞ prezidenti ilə sosial mediada gedən gərgin fikir mübadiləsinə cavab kimi qiymətləndirilir.
Kreml sözçüsü Dmitri Peskov avqustun 4-də bildirib ki, Rusiya nüvə məsələlərində istənilən bəyanata çox diqqətli və məsuliyyətli mövqe ilə yanaşır.
D.Peskov jurnalistlərə açıqlamasında deyib:
“Rusiya nüvə silahının yayılmaması məsələsində çox diqqətlidir. Biz hesab edirik ki, hər kəs nüvə ritorikasına qarşı çox diqqətli olmalıdır.”
Qeyd edək ki, Donald Tramp Rusiyanın Ukraynadakı müharibəyə son qoymaması halında bu ölkəyə yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkof isə avqustun 10-da Rusiyaya səfər edəcəyini və danışıqlar aparacağını açıqlayıb.