Hindistanın Himalay bölgəsində baş verən şiddətli sel fəlakətindən sonra Hindistan ordusu onlarla itkin düşən şəxsin axtarışı üçün genişmiqyaslı əməliyyata başlayıb. Hadisəyə səbəb kimi "bulud partlaması" göstərilir.
Hadisə nəticəsində təxminən 4 nəfər həlak olub, aralarında 11 hərbçi də daxil olmaqla, 100 nəfərin itkin düşdüyü hesab edilir.
Hindistan ordu rəsmilərinin avqustun 6-da (bu gün) verdiyi açıqlamada bildirilib ki, əlavə hərbi bölmələr, iz axtaran itlər, pilotsuz uçuş aparatları, logistik dronlar və ağır texnika bölgəyə göndərilib. Əməliyyatların məqsədi həm axtarış-xilasetmə işlərini sürətləndirmək, həm də zərərçəkənlərə dərman və əsas ehtiyac məhsullarını çatdırmaqdır.
Hindistan mətbuatında yayımlanan görüntülərdə sel sularının turistik bölgədə çoxmərtəbəli binaları yuyub apardığı, bəzi insanların selə qapılmadan əvvəl qaçmağa çalışdığı əks olunub.
Hindistan Müdafiə Nazirliyi “Press Trust of India” (PTI) xəbər agentliyinə açıqlamasında itkilərlə bağlı məlumatı təsdiqləyib.
Musson mövsümü davam edir
Musson yağışları davam etdiyindən bölgə hələ də risk altındadır. Hindistan ordusu bildirib ki, aramsız yağış səbəbindən suyun səviyyəsi yüksəlib və əhali daha yüksək ərazilərə köçürülüb. Rəsmi meteoroloji qurumu avqustun 6-da (bu gün) Uttaraxanddakı bütün əsas çayların təhlükə səviyyəsindən yuxarı səviyyədə axdığını açıqlayıb.
Ordu nümayəndəsinin hadisə yerindən yaydığı görüntülərdə qəsəbənin böyük hissəsinin palçıqla örtüldüyü əks olunub. Hətta bəzi yerlərdə palçıq qalınlığının 15 metrə çatdığı, bir sıra binaların isə tamamilə dağıldığı görülür.
Hindistanda sel və torpaq sürüşmələri musson mövsümündə – iyun-sentyabr aylarında – adi hal kimi qiymətləndirilsə də, mütəxəssislər iqlim dəyişikliyi və sürətli şəhərləşmənin bu fəlakətlərin tezliyini və şiddətini artırdığını vurğulayır.
Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən Dünya Meteorologiya Təşkilatı ötən il bildirmişdi ki, artan intensivlikdəki daşqınlar və quraqlıqlar iqlim dəyişikliyinin Yer kürəsinin su dövranını daha da proqnozlaşdırılmaz hala gətirməsi səbəbilə gələcəyə dair xəbərdarlıq siqnalı rolunu oynayır.