SİYASƏT
3 dəqiqə oxuma
Yaponiya Hiroşima faciəsinin 80-ci ildönümündə nüvə silahlarının ləğvinə çağırış etdi
Tokio rəhbərliyi artan qlobal silahlanma fonunda beynəlxalq ictimaiyyəti tarixdən dərs almağa çağırıb
Yaponiya Hiroşima faciəsinin 80-ci ildönümündə nüvə silahlarının ləğvinə çağırış etdi
Hiroşima / AFP
6 avqust 2025 г.

Yaponiya rəhbərliyi ABŞ-ın Hiroşimaya atom bombası atmasının 80-ci ildönümündə nüvə silahsız bir dünya çağırışını yeniləyib. Rəsmi Tokio artan hərbi gərginliklər fonunda beynəlxalq təhlükəsizliyin dialoq və qarşılıqlı inam əsasında yenidən qurulmasına çağırış edib.

Baş nazir Şiqeru İşiba ölkə televiziyası NHK-yə verdiyi açıqlamada ölkəsinin qlobal nüvə silahsızlanmasına dair öhdəliyini bir daha təsdiqləyib və bildirib ki, Yaponiya tarixdə müharibə zamanı atom bombası hücumuna məruz qalan yeganə ölkədir.

Avqustun 6-da (bu gün) Hiroşima Sülh anıtı parkında keçirilən anım mərasimində çıxış edən Ş.İşiba deyib: “Sülh Muzeyinə səfərim zamanı bir daha əmin oldum ki, bu dözülməz ağrı və xatirələrin unudulmasına imkan verilməməli, gələcək nəsillərə ötürülməlidir.”

O, daha sonra “X” sosial platformasında paylaşdığı mesajda yazıb: “Hiroşimaya atom bombası atılmasının üzərindən səksən il keçib. Bu şəhəri bir anda yandırılmış xarabalığa çevirən faciədə həlak olanların ruhunu ehtiramla yad edirəm.”

Hiroşima şəhərinin meri Kazumi Matsui çıxışında dünyada silahlanma yarışının sürətləndiyinə diqqət çəkib. O, Rusiyanın Ukraynaya qarşı müharibəsi və İsrailin Qəzzadakı hərbi əməliyyatları fonunda, beynəlxalq ictimaiyyətin tarixdən lazımi dərsləri çıxarmadığını bəyan edib.

Qeyd edək ki, anım mərasimi 6 avqust 1945-ci ildə ABŞ-ın Hiroşimaya atom bombası atıldığı vaxtda saat 08:15-də (GMT ilə 23:15) başlayıb.

 

Minlərlə həyat və sağ qalanların azalan sayı

“Little Boy” adlı atom bombası şəhəri yerlə-yeksan etmiş, 1945-ci ilin sonuna qədər təxminən 140 min insanın ölümünə səbəb olmuşdu. Sonrakı onilliklərdə isə on minlərlə insan radiasiyaya bağlı xəstəliklərdən əziyyət çəkmişdi.

Bombardımandan üç gün sonra 9 avqustda Naqasaki şəhərinə atılan ikinci atom bombası daha 74 min insanın həyatına son qoydu. Bununla da Yaponya İmperatorluğu 15 avqustda təslim oldu və İkinci Dünya Müharibəsi başa çatdı.

Hazırda 1,2 milyon nəfərlik müasir metropol olan Hiroşimada hücumun acı xatirəsi hələ də canlıdır.

Təşkil edilən tədbir ərəfəsində təxminən 55 min nəfər anıt önündə toplanaraq qurbanları yad edib. Anıt üzərinə bu hadisədə həlak olmuş qurbanların siyahısı yerləşdirilib. Siyahıda hazırda 349 min 246 ad var.

Bu ilki tədbirdə ilk dəfə olaraq Fələstin və Tayvandan nümayəndələr də iştirak edib. Ümumilikdə isə təxminən 120 ölkə və bölgəni təmsil edən nümayəndələr mərasimdə yer alıblar. ABŞ hələ də Hiroşima və Naqasaki bombalamalarına görə rəsmi üzr istəməsə də, tədbirdə Yaponiyadakı səfiri vasitəsilə təmsil olunub. Rusiya və Çin isə mərasimə qatılmayıb.

Hiroşima şəhərinin meri Kazumi Matsui çıxışında dünya liderlərini Hiroşimaya səfər etməyə və nüvə silahlarının səbəb olduğu dağıntını öz gözləri ilə görməyə çağırıb. O, dialoq və qarşılıqlı etimada əsaslanan yeni beynəlxalq təhlükəsizlik mexanizminin qurulmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, hazırda Hiroşima və Naqasakidəki bombardmanlardan sağ çıxanların sayı 100 min nəfərdən azdır və onların orta yaşı artıq 86-nı keçib. Ölkə rəsmiləri həmin insanların şahidliklərinin gələcək nəsillər üçün qorunub saxlanmasının əhəmiyyət daşıdığını bildirirlər.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us