Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib ki, İsrailin 2023-cü ilin oktyabrında başladığı hərbi hücumdan bu yana Türkiyə Qəzzaya 16 gəmi və 14 təyyarə ilə yardım çatdırıb.
Avqustun 19-da edilən rəsmi açıqlamada bu fəaliyyətin prezident Rəcəb Tayyib Ərdoğanın liderliyini əks etdirdiyi vurğulanıb. Bildirilib ki, Türkiyə hər beynəlxalq platformada Qəzzanın səsi olmağa çalışır və mühasirədə qalan mülki şəxslərə təcili yardım göndərməyə davam edir.
Uzun müddətdir blokada altında olan Qəzzada əhali 2023-cü il oktyabrın 7-dən bəri İsrail bombardmanları nəticəsində artan aclıq və yoxsulluqla üz-üzədir. İctimaiyyətlə Əlaqələr İdarəsi Türkiyənin aclıq və qıtlıq səbəbilə ölümlə üz-üzə buraxılan Qəzzanın günahsız xalqının yanında durmaq üçün intensiv şəkildə çalışdığını bəyan edib.
Məlumata əsasən, indiyədək Türkiyədən Qəzzaya 101 min tondan çox yardım ləvazimatları və 15 milyon dollar maliyyə dəstəyi göndərilib.
Yardımların məzmunu
Göndərilən yardımların əsas hissəsini ərzaq, un, içməli su, geyim və uşaqlar üçün oyuncaqlar təşkil edib.
Tibbi yardım da xüsusi yer tutub: Türkiyə səkkiz səyyar xəstəxana, 53 təcili yardım maşını, təxminən 250 ton tibbi ləvazimat göndərib. Bundan əlavə, 430 xəstə müalicə üçün Türkiyəyə gətirilib.
Əlavə yardımlar arasında yüz minlərlə gigiyena dəsti, minlərlə çadır və yataq torbası, 1.400-dən çox generator, mobil mətbəxlər və texniki dəstək də var.
İctimaiyyətlə Əlaqələr İdarəsi həmçinin vurğulayıb ki, İsrailin blokadası səbəbindən Qəzzaya giriş çətin olsa da, Türkiyə mövcud bütün imkanlarla humanitar yardımı davam etdirəcək.