ABŞ prezidenti Donald Tramp administrasiyasının idxal olunan yarımkeçiricilərə 100% gömrük rüsumu tətbiq edəcəyini bildirib. Onun sözlərinə görə, öz məhsullarını ölkədə istehsal etməyi öhdəsinə götürmüş şirkətlərə 100% rüsum şamil edilməyəcək.
Avqustun 6-da Ağ Evdə jurnalistlərə açıqlama verən Donald Tramp çiplərə və yarımkeçiricilərə böyük tariflərin tətbiq ediləcəyini qeyd edib. Prezident bu açıqlamanı ‘‘Apple’’ şirkətinin icraçı direktoru Tim Kukla birgə edib. Tim Kuk bildirib ki, ‘‘Apple’’ ABŞ-da yeni istehsal təşəbbüsünə 100 milyard dollar sərmayə qoyacaq.
Donald Tramp bu addımı Amerika sənayesi və istehlakçıları üçün böyük qələbə adlandırıb.
Qeyd edək ki, ABŞ-da satılan “iPhone” telefonlarının böyük əksəriyyəti Hindistanda yığılır və hazırda Trampın yeni ticarət siyasəti çərçivəsində ikiqat 50% tariflərlə üzləşir. ‘‘Apple’’ın digər əsas məhsullarını istehsal etdiyi Vyetnama isə artıq 20% tarif tətbiq olunub.
Tim Kukun Donald Trampla görüşü şirkətin vergi güzəştləri əldə etmək səylərinin davamıdır.
Bu ilin əvvəlində Donald Tramp bildirib ki, “Apple” şirkəti “iPhone” telefonlarını ABŞ-da istehsal etməsə, ən azı 25% tariflə üzləşə bilər.
Qeyd edək ki, 100 milyard dollarlıq sərmayə ‘‘Apple’’ın dörd il ərzində ABŞ-a 500 milyard dollar sərmayə qoyacağına dair əvvəlki vədinin üzərinə əlavə olaraq planlaşdırılan investisiyaların ümumi həcmini 600 milyard dollara çatdırır.
Planlaşdırılan layihələrə Hyustonda yeni server qurğusu, Miçiqanda təchizatçılar akademiyası və ‘‘Apple’’ın təchizat şəbəkəsinin genişləndirilməsi üzrə yerli xərclər daxildir.