Kanadada 2023-cü il oktyabrın 7-də İsrailin Qəzzaya qarşı başlatdığı müharibədən sonra islamofob və Fələstin əleyhinə nifrət cinayətlərində ciddi artım qeydə alınıb. Bəzi bölgələrdə bu artım 1800 faizə çatıb.
York Universitetinin İslamofobiya Araşdırmaları Mərkəzindən Nadiya Həsən tərəfindən hazırlanmış və avqustun 6-da yayımlanmış “Fələstin istisnasının sənədləşdirilməsi” adlı hesabat son 21 ayda islamofobiya, Fələstin əleyhinə irqçilik (APR) və ərəblər əleyhinə irqçilik (AAR) hallarının kəskin və təhlükəli şəkildə artdığını ortaya qoyur.
Hesabatla bağlı Nadiya Həsən Ottavada keçirilən mətbuat konfransında deyib: “2023-cü ilin oktyabrından sonra Kanadada Fələstin əleyhinə irqçilik, islamofobiya və ərəblər əleyhinə irqçilik halları artıb. Bu tendensiya kanadalıların gündəlik həyatına və iş yerlərinə birbaşa təsir göstərir”.
16 Kanada təşkilatı ilə keçirilmiş müsahibələrə, açıq mənbələrə və media məlumatlarına əsaslanan hesabatda qeyd olunur ki, Toronto Polis İdarəsi 2023 ilin 7 oktyabr–20 noyabr tarixləri arasında Fələstin və İslam əleyhinə nifrət cinayətlərində ötən ilin eyni dövrü ilə müqayisədə 1600 faizlik artım qeydə alıb.
Kanada Statistika İdarəsinin məlumatına görə, 2023-cü ildə müsəlmanlara qarşı nifrət cinayətləri 94 faiz, ərəblərə və Qərbi asiyalılara qarşı nifrət cinayətləri isə 52 faiz artıb.
Kanada Müsəlmanları Milli Şurası (NCCM) 7 oktyabrdan sonrakı bir ay ərzində islamofobiya hallarının 1300 faiz, il ərzində isə 1800 faiz artdığını açıqlayıb.
Müsəlman Hüquqi Dəstək Mərkəzi (MLSC) 2023-cü ilin oktyabr və 2024-cü ilin mart ayı arasında 474 insan hüquqları şikayətini qeydə alıb. Bu şikayətlərdən 345-i Fələstinə dəstək verdiklərinə görə işdən çıxarılan və ya məzuniyyətə göndərilən şəxslərlə bağlı olub. Fələstin Hüquq Mərkəzi isə səkkiz ay ərzində Fələstin əleyhinə irqçilik hallarının 600 faiz artdığını bildirib.
Nadiya Həsən vurğulayıb ki, bu hesabat Kanadada icmaların qarşılaşdığı problemlərin təkcə bir hissəsini əks etdirir: “Bu sənəd 2023-cü ilin oktyabr və 2024-cü ilin noyabr ayı arasında baş verənlərə dair təşkilatlardan əldə olunmuş məlumatlara, açıq mənbələrə və mediaya əsaslanır”.
Məsələ ilə bağlı Kanadanın İslamofobiya ilə Mübarizə üzrə Xüsusi Nümayəndəsi Amira əl-Qəvabi deyib: “Fələstin insan hüquqlarını müdafiə edən kanadalıların susdurulması və senzura olunması onların dolanışığı və gələcəyi üçün ciddi nəticələr doğurur. Bu cür hallar Kanadanın müxtəlif bölgələrində hər gün baş verir və bununla ciddi şəkildə mübarizə aparılmalıdır. 11 sentyabrdan sonra formalaşan köhnə stereotiplər yenidən üzə çıxıb və ifrat sağçılar tərəfindən gücləndirilərək, xüsusilə fələstinli-müsəlman və ərəb mənşəli kanadalıları hədəfə alır”.
Hesabatda həmçinin Fələstin əleyhinə irqçiliyin rəsmi şəkildə tanınması, nifrət cinayətlərinə qarşı daha sərt məsuliyyət mexanizmlərinin tətbiqi və məktəblərlə dövlət qurumlarının bu təhlükəyə necə cavab verdiyini araşdıracaq müstəqil təhqiqatların aparılması tövsiyə edilir.
Sonda vurğulanır ki, “Fələstin istisnası” adlandırılan vəziyyətə dair əhatəli, insan hüquqları əsaslı və sahələrarası siyasət yanaşmalarına ehtiyac var. Bu yanaşmalar zərər çəkmiş icmaların yaşadığı təcrübələrə əsaslanaraq uzunmüddətli həll yollarını ortaya qoymalıdır.