Yerli mediada yayılan məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik işləri üzrə iclasda Qəzza bölgəsini nəzarət altına almaq və yenidən işğal etmək üçün mərhələli strategiya təqdim edib.
İclas avqustun 7-də Netanyahunun Qəzzada fələstinli müqavimət qruplarının əlində olan girovların azad edilməsi və soyqırımın yaşandığı bölgəni aclıq fəlakətindən xilas etməsi üçün artan daxili və xarici təzyiqlərlə üzləşdiyi bir vaxtda keçirilib.
İsrail mətbuat orqanı KAN-ın hökumət mənbələrinə istinadən yaydığı məlumata əsasən, B.Netanyahu toplantıda Qəzzanın tam nəzarətə götürülməsini nəzərdə tutan mərhələli plan irəli sürüb. Plan baş qərargah rəisi Eyal Zamirin xəbərdarlıqlarına baxmayaraq, işğal qüvvələrinin Qəzza şəhərinin mərkəzində (“Hamas”ın təlim düşərgələri) kimi tanıdılan yerlərə və daha əvvəl daxil olunmamış ərazilərə irəliləməsini əhatə edir.
Mənbələrin bildirdiyinə görə, ilkin mərhələdə Qəzza şəhərinin sakinləri cənuba köçürüləcək, ardınca şəhər mühasirəyə alınacaq və sıx yaşayış məntəqələrinə quru əməliyyatları genişləndiriləcək.
Baş Qərargah rəisi E.Zamir isə Qəzzanın tam işğalını nəzərdə tutan istənilən plana qarşı olduğunu təkrar vurğulayaraq, bunun girovlara zərər vurma, İsrail əsgərləri və ehtiyat qüvvələrinin zəifləməsi, həmçinin İsrailin beynəlxalq legitimliyinin zədələnməsi kimi ciddi risklər daşıdığını bildirib.
Toplantı öncəsi B.Netanyahu ABŞ-ın “Fox News” kanalına açıqlamasında hökumətin Qəzzanın tam nəzarətə götürülməsini planlaşdırdığını deyib. Lakin bölgəni idarə etmək istəmədiklərini, təhlükəsizlik çərçivəsi yaratmaq istədiklərini vurğulayıb. B.Netanyahu Qəzzanın ərəblər tərəfindən idarə olunmasını, bunun da ancaq “Hamas”ın olmadığı bir şəraitdə mümkün ola biləcəyini bildirib.
Qeyd edək ki, iclas başladığı vaxt yüzlərlə insan Qərbi Qüdsdə Baş nazirlik binası yaxınında toplaşaraq girovların azad olunması üçün razılaşma çağırışı edib. Girovların ailələri Aşkelon limanından yola çıxaraq Qəzzaya yaxınlaşmağa çalışıb və B.Netanyahunun soyqırımı genişləndirmə planını qınayıblar.
Xatırladaq ki, 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda fələstinlilər, əksəriyyəti qadın və uşaqlar olmaqla, 62 mindən çox insanın həlak olduğu bildirilir. Rəsmi məlumatlara görə, təxminən 11 min nəfər dağıdılmış evlərin dağıntıları altında qalıb. Mütəxəssislər isə real itki sayının 200 minə yaxın ola biləcəyini bildirir.
“Hamas”ın 2023-cü ildəki hücumunda ələ keçirilən 251 girovdan 49-u hələ də Qəzzada saxlanılır. İsrail ordusu onlardan 27-nin öldüyünü bildirir, fələstinlilər isə çox sayda girovun İsrailin hava hücumları nəticəsində həlak olduğunu vurğulayır. İsrail eyni zamanda 11 minə yaxın fələstinlini həbsxanalarda saxlayır.