Səfir Murat Tamerin sözlərinə görə, 1950–1953-cü illərdə baş vermiş Koreya müharibəsində həlak olan dörd türk əsgərinin qalıqları aşkarlanıb və Türkiyəyə gətirilib. O, “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, ABŞ ilə Şimali Koreya arasında 2011-ci ildə imzalanmış razılaşma çərçivəsində, Türkiyə ordusunun ən ağır itkilər verdiyi Kunuri bölgəsində aparılan qazıntılar zamanı çoxlu sayda insan qalıqları və silah-sursat aşkar edilib.
Qeyd edək ki, Şimali Koreyadakı bu ərazi müharibənin ən şiddətli döyüşlərinin getdiyi bölgələrdən biri olub. Türkiyə Koreya müharibəsinə dörd tabor və ümumilikdə 21 min 212 əsgərlə qatılaraq, ən çox əsgər göndərən dördüncü ölkə olub. Müharibədə iştirak edən 16 ölkə arasında Türkiyə təxminən 900 şəhid və itkinlə ən çox itki verən üçüncü ölkə sayılır. Hazırda Cənubi Koreyanın Busan şəhərindəki Anıt qəbiristanlığında 462 Türkiyə əsgərinin məzarı var.
Tapılan dörd əsgərin qalıqları araşdırma üçün ABŞ-ın Havay ştatındakı elmi mərkəzə göndərilib. Burada aparılan genetik tədqiqatlarda, qalıqlara yapışmış parça hissələri üzərində, həmin dövrdə BMT Komandanlığı altında vuruşan hansı ordunun əsgərlərinə aid ola biləcəyinə dair təfərrüatlı analizlər həyata keçirilib.
COVID-19 pandemiyası səbəbindən araşdırmalarda gecikmələrin yaşanmasına baxmayaraq insan qalıqlarıdan birinin demək olar ki, tam dəqiqliklə türk əsgərinə məxsus olduğu, digər üçünün isə Anadolu mənşəli olduğu müəyyən edilib. Hər bir əsgərə dair ayrıca məlumat kitabçaları hazırlanıb.
Cənubi Koreya Müdafiə Nazirliyinin tabeliyində olan Həlak Olanların Axtarışı Agentliyi (MAKRI) ilə Türkiyənin Cənubi Koreyadakı səfirliyinin hərbi attaşeliyi arasında qurulan əlaqə çərçivəsində, dörd şəhidin qalıqları Havay adasındakı ABŞ bazasından xüsusi təyyarə ilə gətirilib. Onlar Cənubi Koreyadakı Osan ABŞ Hərbi Hava Bazasına çatdırılıb.
M.Tamer bildirib ki, mərasim zamanı qalıqlar Türkiyə bayrağına bürünərək onlara və koreyalı rəsmilərə təhvil verilib. Səfir əlavə edib ki, yekun nəticə üçün ailələrdən DNT nümunələri götürüləcək və bunun üçün Türkiyədə müxtəlif qurumların iştirakı ilə işçi qrupu yaradılıb. Bu qrupun təqdim edəcəyi məlumatlar qalıqlarla müqayisə edilərək şəhidlərin kimliyi tam dəqiqləşdiriləcək.