2001-ci il avqustun 14-də Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında təsis edilən Ədalət və İnkişaf Partiyası (AK Parti) qatıldığı bütün ümumi seçkilərdən qalib ayrılaraq son 24 ildə Türkiyə siyasi həyatında dərin iz qoyub. Partiyanın 24-cü ildönümündə AK Parti sədr müavini Faruk Acar qeyd edib ki, yubiley tədbirləri çərçivəsində partiyaya yeni üzvlər qəbul olunacaq.
F.Acar mətbuata açıqlamasında bildirib ki, hər nə qədər 24 il əvvəl qurulsa da, partiya dinamizmini qoruyuraq missiyasını davam etdirir: “AK Parti yalnız siyasi bir təşkilat kimi deyil, xalq hərəkatı kimi görünməlidir. 24-cü ildönümümüz münasibətilə xüsusilə vurğulamaq istədiyimiz məqam odur ki, xalqdan aldığımız güc və etimadla yolumuza davam edəcəyik.”
O, həmçinin bildirib ki, 25-ci ildönümünə qədər ilk dəfə olaraq bir illik kampaniya mərhələsinə başlanılacaq: “Bu kampaniya çərçivəsində partiyanın 25 ildə gördüyü işləri, Türkiyənin hansı sahələrinə toxunduğunu, həyata keçirdiyi milyonlarla layihəni və əsəri xalqımızla bölüşəcəyik.”
AK Parti qurulduğu dövrdə İstanbul Böyükşəhər Bələdiyyə sədri olan R.T.Ərdoğanın rəhbərliyi ilə siyasətə sürətli addım atdı. O, 2003-cü ildə ilk dəfə Baş nazir oldu, 2014-cü ildən isə prezident vəzifəsini icra edir.
2002-ci il noyabrın 3-də keçirilən parlament seçkilərində partiya, on ildən artıq müddətdə görünməmiş nəticə əldə edərək millət vəkillərinin üçdə ikisini qazanıb.
AK Parti 2002, 2007, 2011, 2015-ci illərdə keçirilən ümumi seçkilərin, həmçinin 2015-ci ilin noyabrında və 2018-ci ilin iyununda baş tutan növbədənkənar seçkilərin, eləcə də 2023-cü ilin mayında keçirilən son seçkilərin hər birində qalib olub.
R.T.Ərdoğanın liderliyi altında partiya Türkiyənin beynəlxalq sistemdə mühüm aktora çevrilməsinə, həm beynəlxalq, həm də regional məsələlərdə çoxşaxəli və dinamik siyasət aparmasına şərait yaradıb. İllər ərzində Türkiyə bölgə problemlərində lider rolunu möhkəmləndirib, Avropa, Türk dünyası və müsəlman ölkələri ilə əlaqələrini gücləndirib, digər qlobal aktorlarla əməkdaşlıq imkanlarını genişləndirərək beynəlxalq mövqeyini möhkəmləndirib.
Bu siyasət sayəsində Türkiyə qlobal problemlərin həllinə töhfə verən və beynəlxalq təşkilatlarda mühüm rol oynayan ölkələrdən birinə çevrilib.