BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Qəzzada baş verənləri kəskin şəkildə pisləyib və İsrail rəsmilərinin istifadə etdiyi soyqırım ritorikasından dəhşətə gəldiyini bildirib.
Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında çıxış edən Volker Türk deyib: "İsrailin Qəzzada fələstinli mülki vətəndaşları kütləvi şəkildə öldürməsi, ağlasığmaz iztirab və tamamilə dağıdıcı nəticələrə səbəb olması və hərbi cinayətlər törətməsi bütün dünyanın vicdanını sarsıdır’’.
Ali Komissar mühasirə altında olan Qəzza zolağını “qəbiristanlıq” adlandıraraq bölgənin sülh üçün fəryad etdiyini vurğulayıb.
Volker Türk həmçinin bildirib ki, İsrail Beynəlxalq Ədalət Məhkəsinin qərarlarına əməl etməlidir. İsrail həmçinin soyqırımın qarşısının alınması, bu cür əməllərə təşviq edənlərin cəzalandırılması və Qəzzada fələstinlilərə humanitar yardımın çatdırılması ilə bağlı hüquqi öhdəliklərini yerinə yetirməlidir.
Qəzza məsələsində hərəkətsizliyin qəbuledilməz olduğunu deyən Volker Türk bunun artıq bir seçim olmadığını qeyd edib və İsrailə silah tədarükünün dərhal dayandırılmasının vacibliyini vurğulayıb.