İspaniya Baş naziri Pedro Sançes sentyabrın 8-də (bu gün) etdiyi çıxışda deyib: “İsrailin etdiyi özünü müdafiə deyil, müdafiəsiz əhalini məhv etməkdir.”
Baş nazir həmçinin vurğulayıb ki, İspaniya 2023-cü ildən bəri faktiki olaraq İsrailə silah ixracını qadağan edib, indi isə bu qadağanı daimi olaraq tədbiq edəcək qanun qəbul etməyə hazırlaşır.
Rəsmi Madridin qərarına əsasən, İsrail qüvvələrinə yanacaq daşıyan gəmilərin İspaniya limanlarından istifadə etməsi qadağan olunacaq, müdafiə təyinatlı yüklər daşıyan təyyarələrin isə İspaniya hava məkanından keçməsinə icazə verilməyəcək. Baş nazir əlavə edib ki, Qəzzadakı soyqırım, insan haqları pozuntuları və müharibə cinayətlərində birbaşa iştirak edən şəxslərin ölkəyə girişinə də qadağa qoyulacaq.
P.Sançes çıxışı zamanı əlavə olaraq deyib: “Bilirik ki, bu tədbirlər müharibə cinayətlərini tam dayandırmayacaq, amma Baş nazir Benyamin Netanyahuya təzyiq göstərmək və Fələstin xalqının iztirabını yüngülləşdirmək üçün bir addım olacaq.”
İspaniya hökumətinin tədbiq edəcəyi digər addımlar sırasında Qərb sahili və Qəzzadakı qeyri-qanuni İsrail yaşayış məntəqələrindən idxalın qadağan olunması, işğal altındakı ərazilərdə yaşayan İspanya vətəndaşlarına konsulluq xidmətlərinin minimuma endirilməsi, eləcə də İspaniyanın Rəfah bölgəsində fəaliyyətini gücləndirərək Fələstin administrasiyası ilə birlikdə ərzaq və dərman təminatı üzrə yeni layihələr həyata keçirməsi nəzərdə tutulur.
Bundan başqa, İspaniya fələstinli qaçqınlara dəstək göstərən BMT agentliyinə (UNRWA) yardımını 10 milyon avro artıracaq və 2026-cı ilə qədər Qəzza üçün əlavə 150 milyon avro həcmində humanitar yardım ayıracaq.
P.Sançes çıxışını belə yekunlaşdırıb: “İspaniya təkbaşına bu dayandıra bilməz, lakin bu, cəhd göstərməyəcəyimiz mənasına gəlmir.”