SİYASƏT
2 dəqiqə oxuma
Almaniyadakı ifrat sağçı deputatın keçmiş köməkçisi Çin üçün casusluqda ittiham olunur
Şübhəli şəxs həm Avropa Parlamenti haqqında məlumat ötürməkdə, həm də Çinli müxalifləri izləməkdə günahlandırılır
Almaniyadakı ifrat sağçı deputatın keçmiş köməkçisi Çin üçün casusluqda ittiham olunur
Almanya / Reuters
5 avqust 2025 г.

Avqustun 5-də (bu gün) Almaniyada ifrat sağçı deputat Maksimilian Krahın sabiq köməkçisi və daha bir şübhəli barəsində Çin üçün casusluq ittihamları ilə məhkəmə prosesi başlanıb.

Almanya vətəndaşı Jian G. adlı şəxs prokurorluğun məlumatına görə, 2002-ci ildən etibarən Çin kəşfiyyatı ilə əməkdaşlıq edib. Həmin dövr onun 2019–2024-cü illərdə “Almaniya üçün Alternativ” (AfD) Partiyasından Avropa Parlamenti üzvü olmuş M.Kraha köməkçi vəzifəsində işlədiyi illəri də əhatə edir.

Drezden şəhər prokurorluğu Jian G.-ni Avropa Parlamentində aparılan müzakirə və qəbul edilən qərarlar barədə Çin tərəfinə informasiya ötürməkdə və bir sıra həssas sənədləri paylaşmaqda ittiham edir.

İddialara görə, Jian G. həmçinin AfD-nin əsas siyasətçiləri haqqında məlumat toplayıb və Almaniyada fəaliyyət göstərən Çinli müxalifləri izləyib. Bildirilir ki, o, sosial şəbəkələrdə özünü Çin hökumətinə qarşı biri kimi təqdim edərək müxalif dairələrdə əlaqələr qurmağa çalışıb.

İkinci şübhəli Yaqi X. isə Leypsiq hava limanında logistika şirkətində çalışır. O, Jian G.-nin uçuş və sərnişin məlumatlarına çıxışını təmin etməkdə ittiham olunur. İddialar daha çox hərbi avadanlıq daşıyan təyyarələr və Almaniya silah sənayesi ilə əlaqəli şəxslər üzərində cəmlənib.

Alman mətbuatına əsasən, Yaqi X.-in xüsusilə “Leopard” tanklarının istehsalında iştirak edən və Leypsiq hava limanından yük daşımalarında yararlanan “Rheinmetall” kimi iri şirkətləri hədəf aldığı bildirilir.

Qeyd edək ki, hər iki şübhəli ötən il həbs olunaraq saxlanılıb və məhkəmə prosesinin sentyabrın sonunadək davam edəcəyi gözlənilir.

M.Krah da şahid qismində ifadə verməyə çağırılıb. O, eyni zamanda Avropa Parlamenti üzvü olduğu dövrdə çirkli pulların yuyulması və korrupsiya şübhələri ilə Drezden prokurorluğu tərəfindən ayrıca araşdırılır. “Der Spiegel”in məlumatına görə, o, 2019–2023-cü illər arasında Jian G. ilə əlaqəli şirkətlərdən 50 min avrodan çox vəsait alıb.

M.Krah bütün ittihamları rədd edir və ona qarşı irəli sürülən iddiaların “siyasi motivli” olduğunu bildirir.

Çin ittihamları rədd edir

Pekin rəhbərliyi ötən il bu məsələ ilə bağlı yayılan xəbərləri “Çini qaralamaq və sıxışdırmaq məqsədi daşıyan siyasi motivli kampaniya” kimi qiymətləndirmişdi. Çin Xarici İşlər Nazirliyindən bildirilib ki, Çinin Avropadakı casusluq fəaliyyəti ilə bağlı xəbərlər şişirdilib və bu kimi itti ölkəni gözdən salmaq məqsədi daşıyır.

ÇXR nazirliyindən verilən açıqlamada deyilir: “Bu cür əsassız ittihamlara qəti şəkildə qarşıyıq və tərəfləri yanlış məlumat yaymaqdan, siyasi manipulyasiyadan və Çinə yönəlmiş düşmən ritorikadan çəkinməyə çağırırıq”.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us