Peykdən əldə olunan görüntülərdə İspaniyanın qərbində baş verən meşə yanğınları 24 saatdan az müddətdə 30 min hektar ərazini məhv edib. Ümumilikdə bu il ölkədə 373 min hektar sahə yanıb. Bu göstərici 2006-cı ildən bəri ən ağır yanğın mövsümü kimi tarixə düşüb.
Əldə olunan məlumata əsasən, yanğının səbəb olduğu zərər 2022-ci ildəki 306 min hektarlıq itkini də geridə qoyub. Şimal-qərbdəki Zamora və Leon vilayətləri, Qalisiyanın Ourense vilayəti, həmçinin Ekstremadura bölgəsinin Kaseres əyalətində həftələrdir davam edən güclü yanğınlar böyük fəlakətə səbəb olub.
Yanğınlar nəticəsində onlarla kənddən minlərlə sakin təxliyə edilib, əsas yollar bağlı qalıb. Madrid–Qalisiya dəmiryolu xəttinin fəaliyyəti də dayandırılıb. Baş nazir Pedro Sançesin Zamora və Kaseresdə ən çox zərər görən bölgələri ziyarət edəcəyi gözlənilir.
Rəsmilər hələlik yanğınların tam nəzarət altına alınmadığını bildirsələr də, 16 gün davam edən istilik dalğasının başa çatması ilə vəziyyətin nisbətən yüngülləşdiyini açıqlayıblar. Kastilya Leon bölgəsində mərkəzi hökumətin nümayəndəsi Nikanor Sen havanın 10–12 dərəcə soyuduğunu, rütubətin artdığını və bunun yanğınsöndürənlər üçün daha əlverişli şərait yaratdığını deyib.
N.Sen dövlət televiziya kanalı TVE-yə açıqlamasında deyib: “İstiliyin azalması kimi amillər yanğınların nəzarətə götürülməsi prosesini asanlaşdırır və vəziyyəti yaxşılaşdırır”.
Portuqaliyada insan tələfatı
İspaniyanın sərhəd qonşusu Portuqaliyada isə yanğın böhranı insan itkisinə səbəb olub. Prezident Marselo Rebelo de Souza avqustun 17-də bir yanğınsöndürənin yol qəzasında həlak olduğunu, iki nəfərin isə ağır yaralandığını açıqlayıb. Bundan əlavə, avqustun 15-də ölkənin şərqindəki Quarda qəsəbəsinin sabiq bələdiyyə sədrinin də yanğınla mübarizə zamanı həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, Portuqaliya dövləti şimal və mərkəz bölgələrində təxminən 2 min yanğınsöndürən cəlb edib. Onların yarısı ən çox zərər görən Arbanil qəsəbəsi ətrafında yanğın söndürmə işləri aparır.
Məlumata görə, bu il Portuqaliyada indiyədək 216 min hektar ərazi yanğınlar səbəbilə məhv olub.