Minlərlə israilli Benyamin Netanyahu hökumətinə fələstinlilərlə girov mübadiləsi sazişinə razılıq verməsi və Qəzzada davam edən müharibəyə son qoyması üçün təzyiq göstərmək üçün bir sıra şəhərlərdə ümummilli tətil keçirib və magistral yolları bağlayıb.
Avqustun 17-də keçirilən ümumi tətilə Qəzzada saxlanılan israilli girovların ailələri də dəstək verib. Onlar İsrail hökumətinin ötən həftə Qəzzanı tamamilə işğal etmək qərarının yaxınlarının həyatını təhlükəyə atacağından qorxurlar.
Etirazçılar Qüds və Tel-Əvivdə küçələri, tunelləri və körpüləri bağlamağa cəhd ediblər, səlahiyyətlilər isə izdihamı dağıtmaq üçün su şırnaqlarından istifadə ediblər.
Etirazçılar həmçinin təkərləri yandırıblar və bu da geniş şəkildə nəqliyyatın hərəkətinə mane olub.
İctimai yayımçı KAN yüzlərlə özəl şirkət, yerli hökumət və təşkilatın iştirak etdiyi nümayiş zamanı minlərlə etirazçının əsas yolları bağladığını, bunun nəqliyyat sıxlığına və qatarların dayanmasına səbəb olduğunu, restoran və kafelərin də bağlandığını bildirib.
"Haaretz" qəzeti ise, onlarla israilli sənətçi, məşhur və idmançının tətili dəstəklədiyini və iştirak etdiyini yazıb.
Hüquqşünaslar, həkimlər və biznes forumu kimi böyük həmkarlar ittifaqları, həmçinin Qüds İvrit Universiteti də iştirak etdiklərini təsdiqləyiblər.
Gündəlik "Yediot Ahronot" qəzetinin məlumatına görə, İsrail polisi tətil zamanı ölkə üzrə 38 etirazçının həbs edildiyini bildirib.
Müxalifətin iştirakı
Müxalifət lideri Yair Lapid Tel-Əvivdəki Girovlar Meydanına baş çəkib və tətilə qoşulub.
Lapid "X" platformasında yayımlanan videoda "Bu gün ölkəni bağlayırıq. Çünki girovlarımız hökumətin müharibə səyləri üçün qurban verə biləcəyi piyadalar deyil, onlar hökumətin ailələrinə qaytarmalı olduğu vətəndaşlardır. Onlar bizi dayandıra, bizi yora və taqətdən sala bilməyəcəklər. Girovlar evlərinə qayıdana, razılıq əldə olunana və müharibə bitənə qədər mübarizəmizi davam etdirəcəyik" deyib.
Milli Birlik lideri Benny Qantz da etirazçıları dəstəkləyərək, hökumətin girovların ailələrinə hücum etməməsinin vacib olduğunu deyib.
Tel-Əvivdəki tətilə keçmiş müdafiə naziri Yoav Qallant da qoşularaq girovların ailələrinə dəstək verib.
Qallant "Yedioth Ahronoth" qəzetinə "Hər kəsi evə gətirmək kimi yüksək vəzifəmiz var" deyib.
İsrail universitetlərinin rektorları Netanyahu hökumətindən atəşkəs və girov mübadiləsi razılaşmasına nail olmağı tələb etmək üçün etirazlara qoşulublar.
İfrat sağ
İfrat sağçı müxalifət və İsrail hökumətinin ifrat sağçı üzvləri tətili pisləyib. İfrat sağçı maliyyə naziri Bezalel Smotrich təşkilatçıları “HƏMAS-ın xeyrinə emosional manipulyasiya”da ittiham edərək deyib:
“Mövcud vəziyyəti nəzərə alsaq, məsuliyyətsiz medianın və bir sıra özlərinə xidmət edən siyasi aktyorların qəzəbli şəkildə bir araya gəlməsinə baxmayaraq, kampaniya sürət qazanmır və çox az adamı əhatə edir”.
"X" platformasında paylaşım edən ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, etirazçılar “o vaxt İsraili zəiflədən və bu gün də bunu təkrar etməyə çalışan eyni insanlardır”.
Qeyd edək ki, avqustun 8-də İsrail Təhlükəsizlik Kabineti Netanyahunun Qəzza şəhərini tamamilə işğal etmək planını təsdiqlədi və bu qərar çoxsaylı ölkələr və insan hüquqları təşkilatlarının sərt beynəlxalq tənqidinə səbəb oldu.
İsrailin hesablamalarına görə, Qəzzada təxminən 50 girov var, onlardan 20-nin sağ olduğu güman edilir. Digər tərəfdən, 10 min 800-dən çox fələstinli İsrail həbsxanalarında pis şəraitdə saxlanılır, hüquq qrupları işgəncə, aclıq və tibbi laqeydlik nəticəsində ölüm hallarını bildirirlər.