SİYASƏT
2 dəqiqə oxuma
V.Putin KXDR başçısı Kim Çen Ina təşəkkür məktubu ünvanlayıb
Məktubda Rusiya–Şimali Koreya tərəfdaşlığının möhkəmlənməsi və Ukraynaya qarşı müharibədə birgə fəaliyyət vurğulandı
V.Putin KXDR başçısı Kim Çen Ina təşəkkür məktubu ünvanlayıb
Şimali Koreya / AP
4 saat əvvəl

Rəsmi Moskva ilə Pxenyan rəhbərliyi arasındakı əlaqələr getdikcə dərinləşdiyi bir ərəfədə Rusiya prezidenti Vladimir Putin Şimali Koreyanın müstəqillik ildönümü münasibətilə Kim Çen Ina göndərdiyi məktubda, Ukraynada Rusiya qüvvələrinə yardım edən Koreya Xalq Demokratik Respublikası (KXDR) əsgərlərini “qəhrəman” adlandırıb.

Şimali Koreya dövlət mediasının avqustun 15-də yaydığı xəbərə görə, məktubda Vladimir Putin sovet ordusu ilə Şimali Koreya qüvvələrinin vaxtilə Yaponiyanın müstəmləkə işğalına son qoymaq üçün birlikdə döyüşdüyünü xatırladıb.

Məktubda deyilir: “Müharibə illərində möhkəmlənən dostluq, xoşməramlı münasibətlər və qarşılıqlı yardım əlaqələri bu gün də etibarlı şəkildə davam edir. Bu, KXDR əsgərlərinin Kursk vilayətini Ukraynalı işğalçılardan azad etmə əməliyyatlarında qəhrəmancasına iştirakı ilə tam sübut olunub. Rusiya xalqı onların cəsarətini və fədakarlığını həmişə xatırlayacaq. Rusiya və KXDR suverenliklərini birgə və effektiv şəkildə müdafiə etməklə ədalətli və çoxqütblü dünya nizamının qurulmasına mühüm töhfə verəcək”.

Xatırladaq ki, ötən il V.Putinin Şimali Koreyaya səfəri zamanı qarşılıqlı müdafiə paktı imzalanıb və bununla da tərəflər arasındakı əlaqələr daha da yaxınlaşıb.

Apreldə Şimali Koreya ilk dəfə olaraq Ukraynada cəbhə xəttinə Rusiya qüvvələri ilə birlikdə hərbi bölmə göndərdiyini təsdiqləyib. Cənubi Koreya və Qərb kəşfiyyatına görə, 2024-cü ildə Pxenyan rəhbərliyi Rusiyanın Kursk vilayətinə 10 mindən çox əsgər, həmçinin top mərmiləri, raketlər və uzaqmənzilli raket sistemləri göndərib. Rəsmi Seulun məlumatına görə, Rusiya üçün vuruşan təxminən 600 Şimali Koreya əsgəri həlak olub, minlərlə hərbçi isə yaralanıb.

KCNA agentliyinin məlumatına görə, V.Putinin məktubu ilə eyni vaxtda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti Pxenyana səfər edib. “Koreyanın azad olunmasının 80-ci ildönümü” münasibətilə təşkil olunan səfərdə heyət hərbi fəxri qarovul tərəfindən qarşılanıb. V.Volodin Kim Çen Ina Kursk əməliyyatına əsgər göndərdiyi üçün təşəkkür edib və Rusiya uğrunda canını fəda edən Şimali Koreya əsgərlərini heç vaxt unutmayacağını vurğulayıb.

Kim Çen In isə bu səfərin artıq yeni mərhələyə yüksəlmiş KXDR–Rusiya münasibətlərinin inkişafına təkan verəcəyini bildirib. O, iki gün əvvəl V.Putinlə telefon danışığı apardığını və ikitərəfli əməkdaşlığın genişləndirilməsi, eləcə də dövlət rəhbərləri arasında daha sıx əlaqə barədə razılıq əldə olunduğunu açıqlayıb.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us