Polis idarəsindən verilən məlumata görə, Serbiyada aylardır davam edən hökumət əleyhinə etiraz aksiyaları bu həftə küçə zorakılığına çevrilib, etirazçı qruplar arasında yeni toqquşmalar baş verib.
Ölkədəki etiraz aksiyaları noyabr ayında Novi Sad dəmir yolu vağzalının damının çökməsi və 16 nəfərin ölümü ilə başlayan korrupsiya əleyhinə hərəkatın tərkib hissəsidir.
Serbiyanın müxtəlif şəhərlərində korrupsiya əleyhinə nümayişçilər avqustun 14-də axşam saatlarında yenidən küçələrə çıxıblar. Bu etirazlar əsasən, avqustun 13-də Vrbas şəhərində hökumət tərəfdarlarının muxaliflərin hücumuna cavab xarakteri daşıyıb. Belqradın təxminən 160 kilometr şimalında yerləşən bu şəhərdə baş verən hadisə gərginliyi artırıb.
Böyük qruplar şəklində toplaşan və əksəriyyəti maska taxan hökumət tərəfdarları avqustun 13-də etirazçılarla qarşı-qarşıya gəlib, tərəflər bir-birinə şüşə, daş və havafişəkləri atıblar.
Polis həmin gün ölkə üzrə təxminən 50 nəfərin saxlandığını və 30-a yaxın çevik qüvvət əməkdaşının yaralandığını açıqlayıb.
RTS televiziyasının məlumatına görə, avqustun 14-də Serbiyanın müxtəlif şəhərlərinə yayılan etirazlar zamanı Novi Sad şəhərində hakim Serbiya Tərəqqi Partiyasının (SNS) mərkəzi ofisi və şəhərdəki iki digər SNS ofisi dağıdılıb.
Paytaxt Belqradda isə etirazçılar əvvəlcə hökumət binaları və ordu qərargahı qarşısında toplaşıb, daha sonra yaxınlıqdakı SNS ofislərinə doğru irəliləməyə çalışıblar. Lakin gücləndirilmiş çevik qüvvə dəstələri və gözyaşardıcı qazın tətbiqi bu cəhdin qarşısını alıb.
Hadisəylə bağlı daxili işlər naziri İvitsa Daçiç mətbuat konfransında deyib: “Bunlar artıq dinc tələbə etirazları deyil, zorakılıq törətmək istəyən şəxslərdir. Bu, dövlətə qarşı hücumdur.”
Nazirlik avqustun 14-də axşam saatlarında təxminən beş polis əməkdaşının yaralandığını və 14 etirazçının saxlanıldığını açıqlayıb.
Hökumətin fəaliyyətsizliyindən narazı olan etirazçılar, Novi Sad faciəsinin araşdırılmasını tələb edir və prezident Aleksandar Vuçiçi növbədənkənar seçkilərə çağırırlar.
Xatırldaq ki, son doqquz ay ərzində əsasən tələbələrin öncülük etdiyi və bəzən yüz minlərlə insanı bir araya gətirən dinc etiraz aksiyaları keçirilirdi. Lakin bu həftə baş verən zorakılıq hadisələri, etirazların kəskin şəkildə artdığını və 13 ildir hakimiyyətdə olan A.Vuçiçin populist hökumətinə təzyiqin gücləndiyini göstərir.
BMT-nin insan haqları üzrə ekspertlərinin bu ayın əvvəlində yaydığı açıqlamaya görə, 28 iyunda Belqradda təxminən 140 min nəfərin iştirak etdiyi kütləvi etirazdan sonra hökumət fəallara qarşı “şiddətlənən təzyiq” siyasəti aparmağa başlayıb.
Ekspertlər bildiriblər ki, etirazçılar və hərəkatla əlaqəli şəxslər polis tərəfindən həddindən artıq zorakılıq, hədələmə və əsassız saxlanılma da daxil olmaqla “narahatedici bir təzyiq modeli” ilə üzləşirlər.
A.Vuçiç isə növbədənkənar seçki çağırışlarını ardıcıl şəkildə rədd edir və etirazları özünə qarşı xaricdən idarə olunan çevriliş planının bir hissəsi olduğunu bildirir.
Tələbə hərəkatının nümayəndələri isə iddia edirlər ki, polis hökumət tərəfdarlarını qoruyur, amma onların toplantılarına qarşı hücumların qarşısını almaq üçün heç bir tədbir görmür.
Avqustun 13-də hökumət tərəfdarlarını ziyarət edən prezident A.Vuçiç tərəfdarlarının zorakılığa başladığı iddialarını təkzib edib.
Gecəyarısı keçirdiyi mətbuat konfransında o, hökumət əleyhdarı etirazçılar haqqında deyib: “Heç yerdə muxalif etirazçılara hücum edilməyib. Hətta əksinə onlar hər yerdə fərqli düşünənlərə hücum edirlər.”
Qeyd edək ki, indiyədək etirazlar Baş nazirin istefasına və hökumətin dağılmasına səbəb olsa da, A.Vuçiç yeni qurulmuş hökumətin başında qalmaqda davam edir.