Şəfa Xəstəxanasının direktoru Məhəmməd Əbu Səlimiyyə avqustun 14-də verdiyi açıqlamada, Qəzzada şiddətli istilik dalğası səbəbindən dəri xəstəliklərində geniş artım müşahidə olunduğunu bildirib. O, yerli mediaya açıqlamasında, artan temperaturun və içməli su qıtlığının Qəzzada hər yaşdan insanı sağlamlıq baxımından ciddi təhlükələrlə üz-üzə qoyduğunu vurğulayıb.
O, yanacaq tədarükünün dayandırılması səbəbindən xəstəxanaların həyati tibbi avadanlıqları işlətməkdə çətinlik çəkdiyini, bunun isə xəstələrin və yaralıların həyatını birbaşa təhdid etdiyini qeyd edib.
Digər tərəfdən, səhiyyə işçiləri ağır şərtlər altında xidmət göstərməyə davam edirlər.
Əbu Səlimiyyə xəstəxanaların kritik vəziyyətdə olduğunu, həyati önəmə sahib olan cihazların işlədilməməsinin fəlakətli nəticələr doğurduğunu vurğulayıb. O, həmçinin İsrail ordusunun məcburi köçkünlərin sığındığı məktəbləri, xəstəxanaları və çadırları hədəf almağa davam etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Qəzzada humanitar fəlakət hər keçən gün daha da dərinləşir.
Xatırladaq ki, İsrail ordusu beynəlxalq atəşkəs çağırışlarını rədd edərək 2023-cü ilin oktyabrından bəri Qəzzada amansız soyqırım aparır. Bu müddətdə 61 min 700-dən çox fələstinli öldürülüb və Qəzzanın səhiyyə sistemi tamamilə dağıdılıb.