İsrail Nazirlər Kabineti Qəzzaya özəl sektor vasitəsilə məhsulların daxil olmasına icazə verən mexanizmi təsdiqləyib. Bu barədə İsrailin hərbi COGAT qurumu məlumat yayıb.
COGAT bildirib ki, yeni mexanizm Qəzzaya daxil olan yardımın həcmini artırmaq və BMT ilə digər beynəlxalq təşkilatlara asılılığı azaltmaq məqsədilə yaradılıb. Yeni mexanizm çərçivəsində yalnız məhdud sayda özəl sektora aid quruma Qəzzaya məhsul göndərmək üçün icazə verilib.
Bu addım İsrailin 2,4 milyonluq Qəzza əhalisini aclıq həddinə çatdıran sıx blokadası fonunda atılıb.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabr ayından bəri 93-ü uşaq olmaqla ən azı 180 nəfər aclıq səbəbindən həyatını itirib.
Fələstin hökumətinin Qəzzadakı media ofisi isə avqustun 4-də yaydığı bəyanatda bildirib ki, İsrail iyulun 27-dən etibarən cəmi 674 yardım maşınının bölgəyə daxil olmasına icazə verib. Bu rəqəm Qəzzanın gündəlik minimum 600 yük maşını ehtiyacının yalnız 14 faizini təşkil edir.
Səhiyyə Nazirliyi mayın 27-dən bəri İsrailin Qəzzadakı yardım mərkəzləri yaxınlığında həyata keçirdiyi hücumlarda ən azı 1516 nəfərin həlak olduğunu, 10 067 adamın isə yaralandığını açıqlayıb.
İsrailin təqdim etdiyi yardım planı geniş şəkildə tənqid olunur və aclıqdan əziyyət çəkən dinc sakinlər üçün “ölüm tələsi” adlandırılır.
Beynəlxalq atəşkəs çağırışlarını rədd edən İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada həyata keçirdiyi hücumlar nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla təxminən 61 min fələstinli həyatını itirib.
İsrailin hərbi əməliyyatları bölgəni tamamilə viran qoyub və Qəzzanı aclıq həddinə çatdırıb.
Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzada törətdikləri hərbi və insanlığa qarşı cinayətlərə görə həbsinə order verib.