İranda DEAŞ və İsrailə casusluqda ittiham olunan iki nəfər edam edilib.
Yerli media orqanlarının məlumatına görə, İran çərşənbə günü iki şəxsi ölüm hökmü ilə cəzalandırıb. Bildirilib ki, bu şəxslərdən biri İsrailin xeyrinə casusluqda, digəri isə DEAŞ üzvü olmaqda ittiham olunub.
Məlumata əsasən, İsrail kəşfiyyat agentliyi Mossad-a məxfi məlumatlar ötürməkdə günahlandırılan şəxsin adı Ruzbeh Vadidir.
Media orqanlarının rəsmilərə istinadən yaydığı xəbərdə bildirilir ki, Vadi iyun ayında İsrailin İrana endirdiyi aviazərbələr zamanı öldürülən iranlı nüvə alimi haqqında məlumat sızdırıb. Alimin kimliyi və Vadinin harada saxlanıldığı açıqlanmayıb.
Habelə bildirilib ki, Vadi Avstriyanın paytaxtı Vyanada Mossad rəsmiləri ilə beş dəfə görüşüb.
İyun ayında İsrail İranın yüksək vəzifəli generallarını və nüvə alimlərini hədəf alan 12 günlük hava hücumlarına başlayıb. İran isə bu hücuma raket və pilotsuz uçuş aparatları ilə cavab verib.
İsrailin hücumları nəticəsində yüksək rütbəli hərbi komandirlər, nüvə alimləri və yüzlərlə insan həlak olub. Hərbi obyektlərlə yanaşı, yaşayış məntəqələrinə də ciddi ziyan dəyib.
Yerli medianın məlumatına görə, hücumlar zamanı çox sayda nüvə alimi həyatını itirib.