Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın ölkəsinə hərbi yardım tədarükünü bərpa etdiyini açıqlayıb.
“Həm ABŞ-dan, həm də Avropadakı tərəfdaşlarımızdan müsbət siyasi siqnallar aldıq”, – deyə Volodimir Zelenski iyulun 11-dəki çıxışında bildirib.
Prezident qeyd edib ki, Ukrayna hərbi rəsmiləri gələn həftə ABŞ-ın xüsusi elçisi Keyt Kelloqla görüşəcək.
“Gələn həftə amerikalılarla hərbi səviyyədə danışıqlarımızı davam etdirəcəyik. Əsgərlərimiz birbaşa general Kelloqla işləyəcək”, – deyə V.Zelenski qeyd edib.
Volodimir Zelenski çıxışının sonunda Ukrayna Silahlı Qüvvələrinin son bir həftə ərzində ön cəbhədə əldə etdiyi uğurlarla bağlı ümumi hesabatı təqdim edib.
Ukrayna mediasının məlumatına görə, Keyt Kelloqun bazar ertəsi Kiyevə bir həftəlik səfəri planlaşdırılır. Romada Ukrayna ilə bağlı keçirilən konfransda jurnalistlərin suallarını cavablandıran Kelloq deyib:“Bazar ertəsi Kiyevdə olacağıq. Bütün həftə orada qalacağıq”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyulun 10-da verdiyi açıqlamada ABŞ-ın NATO vasitəsilə Ukraynaya silah göndərəcəyini və bazar ertəsi Rusiya ilə bağlı “əhəmiyyətli bəyanat” verəcəyini bildirib.
Donald Tramp ötən həftə Rusiyanın hücumları və atəşkəsin təmin olunmaması ilə bağlı Rusiya prezidenti Vladimir Putindən məyus olduğunu da vurğulamışdı.