ABŞ prezidenti Donald Tramp avqustun 8-də Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul edəcək.
Bu barədə ABŞ rəsmisi "Reuters" agentliyinə açıqlama verib. Rəsmi cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü bildirib.
Danışıqlar barədə ilk məlumat yayan media orqanı isə "Washington Post" olub.
Azərbaycan və Ermənistan arasındakı münasibətlər 1991-ci ildə Ermənistan ordusunun beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi kimi tanınan Qarabağ bölgəsini və Kəlbəcər də daxil olmaqla yeddi ətraf rayonu işğal etməsindən sonra gərginləşib.
Bu ərazilərin böyük hissəsi 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibə zamanı Azərbaycan tərəfindən azad edilib. 2023-cü ilin sentyabrında isə bölgədəki separatçı qüvvələrin təslim olmasından sonra Azərbaycan Qarabağ üzərində tam suverenliyini bərpa edib.
Ölkə liderləri sonuncu dəfə iyul ayında Əbu-Dabidə danışıqlar üçün görüşüblər.