Braziliya Ali Məhkəməsi hərbi çevriliş planlaşdırmaqda ittiham olunan sabiq prezident Jair Bolsonaro barəsində ev dustaqlığına qərar verib. Bu qərar, ABŞ prezidenti Donald Tramp administrasiyası ilə gərginliyi daha da artıra biləcək bir addım kimi qiymətləndirilir.
Ali Məhkəmənin hakimi Aleksandra de Morays avqustun 4-də verdiyi qərarda sağçı liderin ötən ay ona tətbiq olunan məhkəmə məhdudiyyətlərinə əməl etmədiyini bildirib. Hakim J.Bolsonaro üçün yeni məhdudiyyətlər də müəyyən edib. Belə ki, bundan sonra o, təkcə vəkillər və məhkəmə tərəfindən rəsmi şəkildə icazə verilmiş şəxslərlə görüşə biləcək. Bundan əlavə, sabiq prezidentin mobil telefondan birbaşa və ya üçüncü şəxslər vasitəsilə istifadə etməsi də qadağan olunub.
J.Bolsonaroya qarşı tətbiq olunan məhdudiyyətlər, D.Trampın prosesə müdaxilə etməyə çalışdığı iddiaları fonunda qüvvəyə minib. Belə ki, prezident D.Tramp yaxın keçmişdə J.Bolsonaroya qarşı aparılan məhkəmə işini tənqid etmiş və buna cavab olaraq Braziliya məhsullarına yüksək gömrük rüsumları qoymuşdu.
Xatırladaq ki, 2022-ci il prezident seçkilərindəki məğlubiyyətini qəbul etməyərək bir neçə müttəfiqi ilə birlikdə çevriliş planı qurmaqda günahlandırılan J.Bolsonaro ötən ay elektron bilərzik taxmaq əmri almış və bunu “ən böyük təhqir” kimi qiymətləndirmişdi.
Qeyd edək ki, J.Bolsonaronun mətbuat katibi məhkəmənin verdiyi ev dustaqlığı qərarını və mobil telefondan istifadəyə qoyulan qadağanı təsdiqləyib.