1960-cı illərdə qanunsuz qazıntılar nəticəsində Türkiyədən qaçaqmalçılıq yolu ilə çıxarılan Roma İmperatoru Mark Avrelinin bürünc heykəli rəsmən Türkiyəyə qaytarıldı.
Mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı aprelin 17-də "X" hesabında etdiyi paylaşımda deyib: “65 ilə yaxın elmi, hüquqi və diplomatik mübarizədən sonra nəhayət ki, Mark Avrelinin heykəli aid olduğu Anadolu torpaqlarına qayıdır”.
Nazir müavini Gökhan Yazgı Mark Avrelinin filosof xüsusiyyətini əks etdirən bu unikal tunc heykəlin 1960-cı illərdə Türkiyənin cənub-qərbindəki qədim Bubon şəhərində qeyri-qanuni qazıntılar nəticəsində xaricə aparıldığını bildirib.
Heykəl iyulda Türkiyəyə qaytarılmadan əvvəl ABŞ-ın Klivlend İncəsənət Muzeyində 3 ay müddətində xüsusi sərgidə nümayiş etdiriləcək.
Nazir müavini "İyul ayında heykəl ölkəmizdə öz mədəniyyət kontekstində yenidən nümayiş olunacaq. Beləliklə, Mark Avrelinin uzun səyahəti nəhayət ki, aid olduğu torpaqlarda sona çatacaq" deyib.
Aprelin 14-də Klivlend İncəsənət Muzeyində heykəlin rəsmi qaytarılma mərasimi keçirilib.