Qəzzada aclıq və bombardmanlar nəticəsində ölüm hallarının sayı getdikcə artır. Aclıqdan həyatını itirənlərin sayı 367-yə çatıb ki, onlardan 131-i uşaqdır. Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində ağır qida çatışmazlığı səbəbindən biri uşaq olmaqla daha 6 nəfərin öldüyünü açıqlayıb. Nazirliyin məlumatına görə, ölüm hallarının 89-u BMT-nin dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı tərəfindən keçən ay aclıq zonası elan olunan Qəzzada qeydə alınıb.
İsrail ordusunun hava zərbələri nəticəsində də azı 13 nəfər həyatını itirib. Anadolu Agentliyinin məlumatına görə, İsrailə məxsus helikopterin Qəzzanın qərbində bir yaşayış məntəqəsini hədəf alması nəticəsində hamilə qadın da daxil olmaqla 5 nəfər ölüb. Qəzza şəhərinin mərkəzindəki başqa bir yaşayış evinin bombalanması nəticəsində isə 3 nəfər yaralanıb.
Mülki obyektlər də zərbə alıb. İsrail qüvvələri Nəsr məhəlləsində yerləşən Rantesi Xəstəxanası yaxınlığındakı mülki sakinlərin çadırlarını hədəf alıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Eyni bölgədə yerləşən digər binaya da hava zərbəsi endirilib və bir neçə sakin xəsarət alıb.
İsrail ordusu mərhələli işğal planı çərçivəsində Şeyx Radvan məhəlləsindəki evləri robotlardan istifadə edərək partlatmağa davam edir. 2024-cü il avqustun 8-də Təhlükəsizlik Kabineti Baş nazir Benyamin Netanyahunun Qəzza şəhərindən başlayaraq bölgəni mərhələli işğal planını təsdiqləyib. İsrailə məxsus kvadrokopter Şeyx Radvan bazarında məcburi köçkünlərin yaşadığı çadırlara bomba atıb. Eyni zamanda, Zeytun və Sabra məhəllələrinə də hücumlar həyata keçirilib. İsrailə məxsus pilotsuz uçuş aparatlarının Nuseyrat qaçqınlar düşərgəsinə təşkil etdiyi hücum nəticəsində isə 5 fələstinli ölüb, 5 nəfər yaralanıb.
İsrailin davam edən hücumları Qəzzanı tamamilə viran qoyub, 63,600-dən çox fələstinli həyatını itirib. 2023-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində Qəzzada hərbi və insanlığa qarşı cinayətlərə görə həbs orderi verib.