ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iyulun 14-də Kiyevdə bir sıra görüşlər keçirib. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak rəsmi "Telegram" kanalında məlumat verib.
A.Yermakın sözlərinə görə, danışıqlarda ABŞ və Ukrayna arasında əməkdaşlığın gücləndirilməsi, müdafiə və təhlükəsizlik sahəsində birgə fəaliyyət, silah tədarükü, sanksiyalar və Ukrayna xalqının müdafiəsi kimi məsələlər müzakirə olunacaq.
Ukrayna prezidenti Volodimir Zelenski iyulun 13-də xalqa müraciətində bəyan edib ki, xüsusi nümayəndəyə Rusiya ordusunun hərbi imkanları və Ukraynanın müdafiə qabiliyyəti ilə bağlı ətraflı məlumatın verilməsi barədə göstəriş verib.
Prezident Volodimir Zelenski həmçinin Kelloqun Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) və digər xüsusi xidmət orqanlarının rəhbərləri ilə də görüşəcəyini bildirib. Onun sözlərinə görə, danışıqlar həftə ərzində davam edəcək.
Qeyd edək ki, Prezident Donald Tramp iyulun 13-də Ukraynaya Rusiyanın artan hücumlarını dəf etmək məqsədilə “Patriot” hava hücumundan müdafiə sistemləri göndəriləcəyini açıqlayıb.
“Axios” nəşri məsələ ilə bağlı məlumatlı iki mənbəyə istinadən bildirib ki, Trampın Ukraynaya hücum silahlarının tədarükünə dair yeni planını yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyi gözlənilir.