ABŞ prezidenti Donald Tramp avqustun 7-də Ağ Evdə jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin üçün müəyyən vaxt qoyduğu atəşkəs müddətinin hələ də qüvvədə olub-olmadığı sualını cavablayarkən deyib: “Bu, tamamilə ondan aslı olacaq. Nə deyəcəyini görəcəyik. Çox məyus oldum. Onlar (V.Putin və V.Zelenski) mənimlə görüşmək istəyirlər. Mən insan itkilərinə son vermək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki,görüş yeri üçün V.Putin Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) mümkün məkan kimi irəli sürüb. V.Zelenskinin də iştirak edə biləcəyi mümkün üçtərəfli zirvə ilə bağlı V.Putin etirazının olmadığını deyib, lakin belə bir toplantının keçirilməsi üçün lazımi şəraitin yaradılmasının vacibliyini qeyd edib.
Rusiya prezidentinin müşaviri Yuri Uşakov bildirib ki, D.Trampın xüsusi nümayəndəsi Stiv Vitkof Moskva görüşlərində üçtərəfli sammit ehtimalını gündəmə gətirib. Lakin Kremlin sözçüləri bu seçimin müzakirə olunmadığını, hazırda təkcə D.Tramp və V.Putin arasında uğurlu ikitərəfli görüşün təşkilinə diqqət yetirildiyini açıqlayıb.
Keçmiş münasibətlər
D.Trampın ilk prezidentlik dövründə V.Putin ilə təxminən beş dəfə üzbəüz, doqquz dəfə isə məzmunu ictimaiyyətə açıqlanan telefon danışığı aparıblar. Bundan əlavə, liderlər arasında çoxsaylı məktub mübadiləsi olub.
Bu təmaslar Suriya, Ukrayna və silah nəzarəti də daxil olmaqla, geniş spektrli beynəlxalq məsələləri əhatə edib. D.Tramp hazırda köməkçilərinə V.Putinlə yeni telefon danışığının təşkili barədə göstəriş verib. Bu danışıq Ukraynada müharibəni dayandırmağa yönəlmiş bir zirvəyə zəmin yarada bilər.