Fələstinin Müqavimət Qrupu HƏMAS keçən ay vasitəçilərin təqdim etdiyi təklifi təsdiqlədiyini və Qəzzanı idarə etmək üçün texnokratlardan ibarət müstəqil milli administrasiyanın yaradılmasına razılaşdığını açıqlayıb. İsrailin bu təklifə cavabı gözlənilir.
HƏMAS açıqlamasında "HƏMAS hələ də 18 avqustda vasitəçilərin təqdim etdiyi və tərəfimizdən qəbul edilən təklifə İsrailin cavabını gözləyir" deyib.
Açıqlamada bütün israilli məhbusların azad edilməsi müqabilində İsrail həbsxanalarında olan müəyyən sayda fələstinli məhbusun azad edilməsini nəzərdə tutan hərtərəfli razılaşmaya hazır olduğu vurğulanıb.
Plana həmçinin Qəzzadakı soyqırıma son qoyulması, İsrail qüvvələrinin tamamilə çıxarılması, həyati əhəmiyyət kəsb edən yardımlara icazə verilməsi üçün sərhəd keçid məntəqələrinin açılması və yenidənqurma prosesinin başlanması daxildir.
HƏMAS bəyan edib ki, texnokrat bir idarəni qəbul etməsi, İsrail rəsmilərinin “ertəsi gün” olaraq xarakterizə etdiyi müharibədən sonra Qəzzanı kimin idarə edəcəyi sualına cavab vermək cəhdidir. İsrail bu sualdan Qəzzada törətdiyi qırğınları uzatmaq üçün bəhanə kimi istifadə etmişdi.
Həmin açıqlama İsrail mediasında Baş nazir Benyamin Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına baxmayaraq, qismən razılıq əldə etmək cəhdindən əl çəkdiyi və indi hərtərəfli razılaşma tələb etdiyi barədə xəbərlərin ardınca verilib.
ABŞ prezidenti Donald Tramp da sentyabrın 3-də verdiyi açıqlamada deyib ki, Qəzzada saxlanılan bütün İsrail əsgərləri azad edilməlidir”.
Qeyd edək ki, HƏMAS və Fəth ötən ilin dekabrında Qahirədə keçirilən danışıqlar zamanı Qəzzanı idarə etmək üçün komitə yaratmaq barədə razılığa gəliblər. Lakin Fələstin Administrasiyası bu tənzimləməni rədd edərək, ərazinin idarəçiliyini öz üzərinə götürəcəyində təkid edib.
Qəzzada baş verən qətliam bölgənin çox hissəsini xarabalığa çevirib.
İsrailin iki ilə yaxındır davam edən hücumu 63 mindən çox fələstinlini öldürüb, əhalinin böyük bir hissəsini didərgin salıb və bölgəni aclıq həddinə çatdırıb.
HƏMAS bəyan edib ki, “texnokratlardan ibarət müstəqil milli administrasiya” hökumətin bütün hissələrində dərhal məsuliyyəti öz üzərinə götürməkdə israr etməkdə davam edir.