Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen In ilə görüşündə Şimali Koreya əsgərlərinin Ukrayna qüvvələrinə qarşı döyüşdə göstərdiyi cəsarətə görə təşəkkür edib.
Putin Çində görüşü zamanı Kimə deyib: “Məlum olduğu kimi, sizin təşəbbüsünüzlə xüsusi təyinatlılarınız Kursk vilayətinin azad edilməsində iştirak etdilər. Əsgərləriniz şücaətlə, qəhrəmancasına döyüşdülər".
Şimali Koreya qoşunları bu ilin əvvəlində Ukrayna qüvvələrinin Rusiyanın qərbindəki Kursk bölgəsindən çıxarılmasına kömək edib.
"Vurğulamaq istəyirəm ki, silahlı qüvvələriniz və əsgər ailələri tərəfindən göstərilən fədakarlıqları heç vaxt unutmayacağıq”, -deyə Putin bildirib.
V.Putin “Rusiya xalqı adından bu ümumi mübarizədə iştirakınıza görə sizə təşəkkür etmək istəyirəm. Sizdən Koreya Xalq Demokratik Respublikasının bütün xalqına səmimi təşəkkürümü çatdırmağınızı xahiş edirəm” deyib.
Minlərlə əsgər
Avqustun ortalarında Putin Kim Çen Ina məktub ünvanlayaraq Şimali Koreya əsgərlərini Ukraynaya qarşı döyüşlərinə görə tərifləyib.
Koreyanın yapon idarəçiliyindən azad edilməsinin ildönümünü qeyd etmək üçün ünvanladığı məktubda Putin Sovet Qızıl Ordu hissələrinin və Şimali Koreya qüvvələrinin Yaponiyanın müstəmləkə işğalına son qoymaq üçün birlikdə necə vuruşduğunu xatırladıb.
Ötən il Putinin təcrid olunmuş dövlətə səfəri zamanı qarşılıqlı müdafiə paktı imzalayan Rusiya və Şimali Koreya getdikcə əlaqələri daha çox inkişaf etdirir.
Şimali Koreya aprel ayında Rusiya qoşunları ilə birlikdə ilk dəfə Ukraynaya qarşı cəbhə xəttinə hərbi qrup göndərdiyini təsdiqləyib.
Cənubi Koreya və Qərb kəşfiyyat agentlikləri Pxenyanın 2024-cü ildə Rusiyanın Kursk bölgəsinə artilleriya mərmiləri, raketlər və uzaqmənzilli raket sistemləri ilə birlikdə 10 mindən çox əsgər göndərdiyini bildirib.
Seul hökuməti Rusiya üçün döyüşən təxminən 600 Şimali Koreya əsgərinin öldürüldüyünü və minlərlə hərbçisinin yaralandığını bildirib.