Pekində çərşənbə günü, sentyabrın 3-də keçirilən, yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə bu ölkənin nüvə triadası - quruda, dənizdə və havada yerləşən strateji raketlər nümayiş etdirilib.
"Xinhua" dövlət xəbər agentliyinin məlumatına görə, triadaya “JingLei-1” hava əsaslı uzaqmənzilli raket, “JuLang-3” sualtı qayıqdan buraxılan qitələrarası raket, “DongFeng-61” quru əsaslı qitələrarası raket və yeni tip “DongFeng-31” quruda yerləşən qitələrarası raket daxildir.
Qeyd olunub ki, nüvə triadası ölkənin suverenliyini və millətin ləyaqətini qorumaq üçün Çinin strateji prioritet daşıyan gücüdür.
Çin dövlət mediası bu silahları ölkənin strateji “kozırları” kimi xarakterizə edərək, onların milli suverenliyin, təhlükəsizliyin və millətin şərəfinin qorunmasındakı rolunu vurğulayıb.
Ekspertlər qeyd ediblər ki, parad Pekinin qurudan, dənizdən və havadan cavab zərbələri endirmək qabiliyyətini nümayiş etdirib. Bu, müasir nüvə qarşısının alınmasının əsas elementi hesab olunur.
Parad Çinin nüvə arsenalının rekord sürətlə genişləndiyi bir vaxta təsadüf edir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Pekinin nüvə başlıqlarının ehtiyatı 2025-ci ilin əvvəlində təxminən 600-ə çatıb və 2023-cü ildən bəri hər il təxminən 100 döyüş başlığı artıb. Bu, nüvə gücləri arasında rekord göstəricidir.