Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib. R.T.Ərdoğan rəsmi Ankaranın həm Moskva, həm də Bakı ilə “dərin və strateji əlaqələrə” malik olduğunu vurğulayıb.
Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan deyib: “Yaşanan xoşagəlməz hadisələrin Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirməməsi ən böyük arzumuzdur.”
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə toxunan Ərdoğan deyib: “Bu sülh müqaviləsi ilə regionda yeni və tarixi fürsət pəncərələrinin açıldığının şahidi olacağıq.”
Prezident R.T.Ərdoğan Qərbi Azərbaycanı Naxçıvanla birləşdirməyi hədəfləyən və Çindən başlayaraq Türkiyə və Rusiyaya qədər uzanması nəzərdə tutulan strateji Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm imkanlar yaradacağını bildirib.
Rəsmi Ankaranın bu marşruta “geo-iqtisadi inqilab” kimi yanaşdığını qeyd edən R.T.Ərdoğan qeyd edib ki, Ermənistan əvvəllər Zəngəzur dəhlizinə qarşı çıxsa da, hazırda iqtisadi inkişaf baxımından daha çevik mövqe sərgiləyir.
Rəsmi Vaşinqton və Ankara arasında ‘‘F-35’’ qırıcılarının tədarükü məsələsinə də toxunan Prezident R.T.Ərdoğan Donald Tramp dövründə ''F-35''lərin mərhələli şəkildə Türkiyəyə tədarük ediləcəyini gözlədiyini və ABŞ prezidentinin “sazişə sadiq qalacağına” ümid etdiyini bildirib.
İsrailin atəşkəsi pozması səbəbindən bölgədə daimi sülhün təmin olunmadığını deyən R.T.Ərdoğan rəsmi Ankaranın bu kimi hadisələrin təkrarlanmaması üçün səylər göstərdiyini vurğulayıb.
Türkiyənin İran və İsrail arasında əldə olunan atəşkəsin Qəzzada da sülh üçün fürsət yaratdığına inandığını qeyd edən R.T.Ərdoğan bildirib ki, “Həmas” bu məsələdə müsbət iradə nümayiş etdirir.
Suriya məsələsinə də toxunan R.T.Ərdoğan Türkiyənin bu ölkə ilə bağlı mövqeyinin açıq olduğunu qeyd edərək deyib:“Terror təşkilatlarını və onların bölgədə genişlənməsini qanuniləşdirən heç bir planı qəbul etməyəcəyik.”
“Suriyanın şimalında azad ticarət zonaları, logistika mərkəzləri və sərhəd bazarları kimi modelləri reallaşdıra bilərik”, – deyən Prezident R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bu məsələlərin də müzakirə edildiyini deyib.
“Qardaşım İlham Əliyev təbii qazla bağlı Suriyaya hər cür dəstəyə hazır olduğunu bildirdi”, – deyə R.T.Ərdoğan vurğulayıb.