Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də (bu gün) verdiyi açıqlamada Çin tərəfinin Türkiyənin regional önəmi və təsirinin fərqində olduğunu qeyd edərək, rəsmi Ankaranın Pekin rəhbərliyi ilə münasibətləri inkişaf etdirmək üçün səy göstərdiyini ifadə edib.
Ölkə başçısı bu fikirləri Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən dönüşdə təyyarədə jurnalistlərə müsahibəsində açıqlayıb.
ABŞ və Rusiya ölkə rəhbərlərinin Alyaskada keçirilən son görüşünə toxunan Türkiyə prezidenti bu danışıqları məqbul qiymətləndirərək, Rusiya–Ukrayna müharibəsinin təkcə sülh yönümlü dialoq vasitəsilə başa çata biləcəyini bildirib.
R.T.Ərdoğan xatırladıb ki, rəsmi Ankara müharibənin ilk günlərindən etibarən problemin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olub.
Prezident R.T.Ərdoğan həmçinin Azərbaycan ilə Ermənistan arasında imzalanan son razılaşmaya da toxunaraq bildirib ki, Zəngəzur dəhlizi sayəsində bölgədə əldə edilən sülh quru və dəmir yolu xətlərini hərəkətə gətirəcək, sərhəd qapılarının açılmasına imkan yaradacaq və ticarət başda olmaqla bir çox sahəyə müsbət təsir göstərəcək.