Tailandın müvəqqəti Baş naziri Phumtham Veçayaçay 3 sentyabr tarixli (bu gün) açıqlamasında növbədənkənar seçkilərin keçirilməsi üçün parlamentin buraxılmasına dair kral fərmanı təqdim etdiyini bildirib.
“Thai Enquirer” xəbər agentliyinin yaydığı məlumata əsasən, Baş nazir P. Veçayaçay bu qərarı artan siyasi qeyri-sabitlik və iqtisadi çətinliklərlə əlaqələndirib. O, jurnalistlərə verdiyi müsahibədə deyib: “Belə qeyri-sabit siyasi mühitdə və davam edən iqtisadi çətinliklər fonunda ölkəyə və dövlət idarəçiliyinə inamı bərpa etmək həyati əhəmiyyət daşıyır.”
Qeyd edək ki, Tailandın sabiq Baş naziri Petonqtarn Çinavata sentyabrın 2-də ölkədə vəzifəsindən uzaqlaşdırılması ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, sabiq Baş nazir P.Çinavata Tailand Ali Məhkəməsi tərəfindən Kamboca ilə yaşanan sərhəd gərginlikləri zamanı Kamboca ölkə başçısı Hun Sen ilə telefon danışığından sonra vəzifə səlahiyyətlərinin etik qaydalarını pozduğu əsas gətirilərək tutduğu vəzifədən kənarlaşdırılmışdı.
Bu hadisə Tailandın siyasi quruluşunda, 2006-cı ildə sabiq Baş nazir Taksin Çinavatanın vəzifədən uzaqlaşdırılmasından sonra seçilmiş ölkə rəhbərləri ilə məhkəmə sistemi arasında təkrar-təkrar baş verən gərginliklərin davamı kimi qiymətləndirilir.