Suriya Daxili İşlər Nazirliyi sentyabrın 3-də (bu gün) yaydığı rəsmi bəyanatda bildirib ki, Daxili Təhlükəsizlik Komandanlığı tərəfindən diqqətlə aparılan əməliyyat tədbiri nəticəsində RPG qumbaraatanları, orta və yüngül silahlar da daxil olmaqla müxtəlif silah-sursat ələ keçirilib. Həmçinin silah daşıyan avtomobilin sürücüsü də saxlanılıb.
Nazirliyin məlumatında deyilir: “Hadisəylə əlaqəli olan bütün şəxslərin müəyyənləşdirilməsi, məhkəməyə təhvil verilməsi və qanuni tədbirlərin görülməsi məqsədilə istintaq başladılıb.”
Açıqlamada həmçinin vurğulanıb ki, Suriya təhlükəsizlik qüvvələri ölkənin sabitliyini pozmaq cəhdlərinə qarşı daim hazırdır və vətəndaşların təhlükəsizliyinin təmin olunması, milli suverenliyin qorunması istiqamətində qətiyyətini davam etdirir.
Qeyd edək ki, əməliyyat tədbirləri hökumət qüvvələri ilə PKK/YPG terrorçuları arasında davam edən silahlı toqquşmalar fonunda baş verib.
Rəsmi dövlət agentliyi SANA xəbər verir ki, Suriya ordusu avqustun 31-də Hələb şəhərinin şərqində yerləşən Tel Maaz kəndi yaxınlığında ordu mövqelərinə sızmağa çalışan bir qrupa pusqu qurub və toqquşma nəticəsində terrorçular zərərsizləşdirilib.
Xəbər agentliyinin yaydığı məlumata görə, Deyr Hafer şəhərində də ordu qüvvələri ilə PKK/YPG terrorçuları arasında insident baş verib.
Razılaşmaya baxmayaraq gərginlik
Xatırladaq ki, son hadisələr Suriya dövlət başçısı Əhməd Şara ilə PKK/YPG rəhbəri Fərhad Abdi Şahin arasında əldə olunan razılaşmadan sonra yaşanıb. Həmin razılaşmaya əsasən, şimal-şərq bölgəsində sərhəd qapıları, hava limanları və enerji infrastrukturları dövlətin nəzarəti altında birləşdirilməsi nəzərdə tutulub.
Tərəflər arası imzalanan razılaşma Suriya ərazi bütövlüyünü bir daha təsdiqləsə də, rəsmi Dəməşq PKK/YPG-nin sazişi dəfələrlə pozduğunu açıqlayıb.