Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikası (ÇXR) başçısı Si Cinpinin yanında paytaxt Pekində keçirilən hərbi parad iştirakçıları sırasında idi. Nümayiş etdirilən bu birlik Vaşinqton rəhbərliyində reaksiyaya səbəb olub.
Si Cinpin bir sıra ölkə başçısı ilə birlikdə Tiananmen meydanına doğru qırmızı xalça üzərindən irəliləyib. Minlərlə insanın vətənpərvərlik marşları oxuduğu, əsgərlərin addımladığı mərasimdə, II Dünya müharibəsində Yaponiyanın təslim olmasının 80-ci ildönümü top atəşi ilə anıldı.
Tədbirdə çıxış edən ÇXR rəhbəri deyib: “Çin millətinin yenidən dirçəlişi qarşısıalınmazdır, bəşəriyyət sülh və ya müharibə arasında seçim qrşısındadır. Lakin sülh və inkişaf bu mübarizədə qalib gələcək.”
Təxminən 70 dəqiqə davam edən parad Si Cinpinin Tiencində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə ev sahibliyi etdiyi diplomatik həftənin yekun mərhələsi olub.
Paradda Şimali Koreya rəhbəri Kim Çen Inın iştirakı həm Si Cinpin, həm də V.Putinlə eyni tədbirdə ilk görüşü kimi qeydə alınıb. Bundan əlavə, Kim Çen Inın tədbirə qızı Kim Cu ilə birlikdə qatıldığı bildirilir.
Tədbirdə nümayiş olunan gəmiəleyhinə raketlər, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və yeni lazer silahı olduğu ehtimal edilən qurğular diqqət çəkib. Rəsmilər tərfindən bildirilən məlumata görə, bütün texnikalar yerli istehsaldır və artıq aktiv xidmətdə yer alırlar.
Qeyd edilir ki, Tiencində baş tutan Zirvə çərçivəsində V.Putin Rusiyanın Ukraynada apardığı müharibəni müdafiə edib. ÇXR rəhbəri isə Çini Qərb təsirindən ayrı yeni regional ittifaqların mərkəzinə çevirməyə çalışdığını bildirib.
Rəsmi Vaşinqtonun reaksiyası
ABŞ prezidenti Donald Tramp Pekində keçirilən görüş barədə suala cavab verərkən, üç ölkə başçısını da Amerikaya qarşı gizli plan qurmaqda ittiham edib.
Jurnalistlərə müsahibəsində D.Tramp deyib: “Əsla narahat deyiləm. Onlar ABŞ-a qarşı birlik qurublar. Bir çox amerikalı, Çinin qələbəsi üçün həyatını itirdi. Ümid edirəm ki, onların cəsarəti və fədakarlığı layiqincə yad ediləcək və xatırlanacaq.”
Qeyd edək ki, keçirilən mərasimdə İran prezidenti Məsud Pezeşkian, Pakistan Baş naziri Şahbaz Şərif, Myanma rəhbəri Min Aunq Hlainq, Slovakiya Baş naziri Robert Fiko, Serbiya prezidenti Aleksandar Vuçiç, Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux, Özbəkistan prezidenti Şövkət Mirziyoyev və Belarus prezidenti Aleksandr Lukaşenko iştirak ediblər.
Xatırladaq ki, Pekində təşkil olunan hərbi parad Çinin II Dünya müharibəsində Yaponya işğalına qarşı qazandığı qələbənin ildönümünü yad etmək məqsədilə təşkil olunmuşdu. Bu çərçivədə keçirilən sonuncu böyük hərbi parad isə 2015-ci ildə baş tutmuşdu.