Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Papa XIV Leoya göndərdiyi təbrik məktubunda, xüsusilə Qəzzada baş verən humanitar faciələrin sona çatdırılması üçün birgə səylərə ümidvar olduğunu ifadə edib.
Prezidentliyin 9 mayda “X” hesabındakı paylaşımında yazılır: “Papa seçilməyiniz münasibətilə xalqım və öz adımdan sizə ürəkdən təbriklərimizi çatdırıram.
Mərhum Papa Fransisk görkəmli dövlət xadimi olaraq regional və beynəlxalq münaqişələrin artdığı bir dövrdə sülh və tolerantlıq üçün böyük səylər göstərdi və bütün dünyanın rəğbətini qazandı. Tam əminəm ki, Papa Fransisk ilə qurduğumuz səmimi və konstruktiv dialoqu sizinlə də davam etdirəcəyik.
Türkiyə ilə Vatikan arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi beynəlxalq arenada əmin-amanlığa xidmət edər və xüsusilə Qəzzadakı humanitar faciələrin sona çatdırılmasına əhəmiyyətli töhfə verər. Buna ürəkdən inanıram.”