Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Vyetnama rəsmi səfər edib. Səfər çərçivəsində Hanoyda yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Vyetnamlı həmkarı, general Phan Van Giangin dəvəti ilə bu ölkəyə səfər edən Yaşar Gülər səfərinə Hanoyda Ho Şi Min məqbərəsini ziyarət edərək başlayıb. O, həmçinin Cənub-Şərqi Asiya dövlətinin qurucu liderini ehtiramla yad edib.
Yaşar Gülər daha sonra Vyetnam Müdafiə Nazirliyində həmkarı tərəfindən hərbi mərasimlə qarşılanıb. Qarşılama mərasimindən sonra Gülər və Giang nümayəndə heyətləri arasında keçirilən görüşə sədrlik ediblər.
“Vietnam News”un məlumatına görə, Giang Gülərin səfərinin Vyetnam Baş naziri Pam Minh Çinhın 2023-cü ilin noyabrında Türkiyəyə rəsmi səfəri zamanı imzalanmış Vyetnam-Türkiyə Birgə Bəyannaməsində nəzərdə tutulmuş müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm addım olduğunu bildirib.
Qiang 1978-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra keçən 50 ilə yaxın müddətdə iki ölkə arasında dostluq və çoxşaxəli əməkdaşlığın inkişaf etdiyini, xüsusilə müdafiə sahəsində böyük potensialın mövcud olduğunu vurğulayıb.
Qeyd edək ki, Yaşar Gülər həmçinin Türkiyənin Hanoydakı səfirliyinə də baş çəkərək həyata keçirilən tədbirlər barədə məlumat alıb. Daha sonra o, Vyetnam prezidenti Luonq Kuonq tərəfindən qəbul edilib. Yaşar Gülər görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Luonq Kuonqa çatdırıb.