Türkiyənin elektrikli avtomobil istehsalçısı TOGG yeni “T10F” modelini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Yeni model ilə sınaq yürüşü edən Prezident Ərdoğanı Türkiyənin sənaye və texnologiya naziri Fatih Kacır müşayiət edib. Yürüş zamanı dövlət başçısına avtomobilin texniki göstəriciləri və innovativ xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Sınaq yürüşündən sonra TOGG-un İdarə Heyətinin sədri Fuat Tosyalı Prezident Ərdoğana “T10F” modelini hədiyyə edib.
Yeni model — ‘‘T10F’’ 15 sentyabr tarixindən etibarən Türkiyədə, 29 sentyabrdan isə Almaniyada öncədən sifarişə açıq olacaq.
Qeyd edək ki, bu sınaq yürüşü TOGG-un Münhendə keçirilən IAA Mobility 2025 sərgisində yeni modelin təqdimatı ilə eyni vaxta təsadüf edib. Tədbir zamanı şirkət yeni elektromobilini yerli və xarici jurnalistlərə təqdim edib.
‘‘T10X’’ və ‘‘T10F’’ modelləri Euro NCAP təhlükəsizlik testlərindən maksimum 5 ulduz alaraq Avropa bazar standartlarını üstələməyi bacarıb.
Bu təqdimat TOGG-un beynəlxalq genişlənmə strategiyasını gücləndirir və Türkiyəni dayanıqlı və qabaqcıl avtomobil texnologiyalarında qlobal səviyyədə önəmli aktyor kimi mövqeləndirir.