Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Dohada nazirlər səviyyəsində keçirilən hazırlıq iclasında iştirak edəcək. Bu toplantı, sentyabrın 15-də Qətərin paytaxtı Dohada keçiriləcək fövqəladə Ərəb-İslam Sammitinə hazırlıq xarakteri daşıyır.
Hazırlıq iclası Qətərin təşəbbüsü və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının hazırkı sədri olan Türkiyənin dəstəyi ilə təşkil olunur. Toplantıda sammitdə təqdim olunacaq qətnamə layihəsi müzakirə ediləcək.
Hakan Fidanın çıxışında Türkiyənin Qətərlə həmrəy olduğunu vurğulayacağı və İsraili təkcə sülh prosesinə deyil, həm də Qətərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid yaratmaqda ittiham edəcəyi gözlənilir.
Diplomatik mənbələrin verdiyi məlumata görə, Hakan Fidan İsrailin təcavüzkar siyasətinin yalnız fələstinlilərlə məhdudlaşmadığını, bu siyasətin bölgə üçün daha genişmiqyaslı təhlükəyə çevrilə biləcəyini bir daha gündəmə gətirməyi planlaşdırır.
Nazirin İsrailin iki dövlətli həll prosesinə zərbə vurmaq və regional böhranlardan siyasi məqsədlər üçün istifadə etmək cəhdlərini sərt tənqid edəcəyi, eyni zamanda regional aktorları və beynəlxalq ictimaiyyəti koordinasiyalı şəkildə hərəkət etməyə çağıracağı gözlənilir.
Məlumata əsasən, Hakan Fidan bir sıra ölkənin Fələstini tanımaq istiqamətində atdığı addımlara diqqət çəkəcək. H.Fidanın Fələstinin BMT-yə tamhüquqlu üzv qəbul olunması üçün səylərin gücləndirilməsinə çağıracağı, həmçinin Qəzzada İsrailin həyata keçirdiyi soyqırımın dayandırılması üçün daimi atəşkəsin təcili zərurət olduğunu vurğulayacağı bildirilir.
Dövlət başçılarının iştirakı ilə keçiriləcək fövqəladə sammit İsrailin 2023-cü il oktyabrın 7-də Qəzzada hərbi əməliyyatlara başlamasından sonra baş tutacaq üçüncü birgə Ərəb-İslam zirvə toplantısı olacaq.
Sammitdə İsrailin Qəzzaya və işğal altındakı İordan çayının qərb sahilinə qarşı hücumları, işğal və ilhaq siyasətləri, eləcə də Dohada Həmas rəhbərliyini hədəf alan son hücumları müzakirə ediləcək.
Qeyd edək ki, əvvəlki iki fövqəladə Ərəb-İslam sammiti 2023-cü ilin noyabrında və 2024-cü ilin noyabrında Ər-Riyadda baş tutub.