Pekin rəhbərliyinin son illərdə hərbi modernizasiyaya milyardlarla dollar vəsait xərcləməsi və bunun ancaq sülh naminə olduğunu bildirməsinə baxmayaraq, Şərqi Asiyadakı bir sıra dövlətlər narahat vəziyyəttədir.
Çin Hərbi Dəniz Qüvvələri sentyabrın 12-də (bu gün) açıqlayıb ki, ölkənin üçüncü və ən yeni təyyarədaşıyan gəmisi “Fujian” Tayvan boğazından keçərək Cənubi Çin dənizində elmi-tədqiqat sınaqları və təlim missiyaları həyata keçirib.
Donanma rəhbərliyinin verdiyi açıqlamada bildirib ki, bölgələrarası sınaqlar təyyarədaşıyanın inşa prosesinin normal bir hissəsidir. Çin Hərbi Dəniz Qüvvələrinin sözçüsü Lenq Quovey isə bunun heç bir xüsusi hədəf tərkibli olmadığını açıqlayıb.
Bununla belə, Sinqapurda yerləşən Beynəlxalq Araşdırmalar mərkəzinin baş tədqiqatçısı Kollin Koh hesab edir ki, “Fujian” gəmisinin Tayvan boğazından keçməsi Çinin dünya okeanlarında böyük bir qüvvə kimi yüksəlişini nümayiş etdirmək məqsədi daşıyır. Onun sözlərinə görə, bu addım Çinin yeni hərbi gücünü nümayiş etdirmək və potensial rəqiblərə açıq mesaj göndərmək üçün atılıb.
Qeyd edək ki, hazırda Çinin xidmətdə olan “Liaonin” və “Shandun” adlı iki təyyarədaşıyanı var, “Fujian” isə hələ də dəniz sınaqlarındadır.
Tayvan və Yaponiyanın mövqeyi
Tayvan Müdafiə Nazirliyi sentyabrın 12-də (bu gün) bəyan edib ki, məsələylə bağlı araştırma aparılır və lazım gəldikdə müvafiq addımlar atılacaq.
Yaponiya Müdafiə Nazirliyi isə açıqlayıb ki, ötən gün günortadan sonra Çinə aid üç hərbi gəminin mübahisəli Senkaku adalarının 200 kilometrliyində qərbə doğru hərəkət etdiyi qeydə alınıb. Nazirliyin açıqlamasında deyilir: “Bu gəmilər arasında “Fujian” təyyarədaşıyanı da var və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri tərəfindən ilk dəfə təsdiqlənib”.
Yaponiya daha əvvəl də dəfələrlə xəbərdarlıq etmişdi ki, Çinin artan hərbi fəaliyyəti ölkənin təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Avqust ayında isə ilk dəfə Çin hərbi təyyarəsinin Yaponiyanın hava məkanından keçdiyi təsdiqlənmişdi.
Çinli hərbi şərhçi Sonq Conqpinqin fikrincə, Cənubi Çin dənizi digər dənizlərlə müqayisədə daha çətin şərtlərə malikdir və bu da “Fujian” üçün sınaqları daha da qəlizləşdirir. O, AFP-yə açıqlamasında bildirib ki, “Fujian” dəniz sınaqlarını və əlavə uyğunlaşdırma təlimlərini başa vurduqdan sonra böyük ehtimalla aktiv xidmətə qəbul ediləcək.
Xatırladaq ki, Sovet istehsalı olan “Liaonin” Çinin ən qədim təyyarədaşıyanıdır və 2012-ci ildən xidmət edir. “Shandun” gəmisi isə 2019-cu ildə istifadəyə verilib.
Vaşinqton mərkəzli CSIS tədqiqat mərkəzinin analitikləri bildiriblər ki, “Fujian” daha müasir qalxış sistemləri ilə təchiz edilib. Bu isə Çin Hərbi Hava Qüvvələrinə daha ağır yük daşıyan və daha çox yanacaq ehtiyatı ilə uçan qırıcıları yerləşdirməyə imkan verir.
ABŞ Müdafiə Nazirliyinin ötən ilin dekabrında yayımladığı hesabatda qeyd olunub ki, Çin hazırda 370-dən çox döyüş gəmisi və sualtı qayıqla say etibarilə dünyanın ən böyük donanmasına sahibdir.
Rəsmi Pekin iyun ayında “Liaonin” və “Shandun” qruplarının Qərbi Sakit okeanda təlim keçdiyini açıqlayaraq, o cümlədən Yaponiya da daxil olmaqla region ölkələrini narahat etmişdi.
Tayvan təhlükəsizlik rəsmisi isə bildirib ki, may ayında Pekin hökuməti iki təyyarədaşıyan qrupunu adanın ətrafında yerləşdirib.